Süni intellektin dini baxımdan doğurduğu məsələlərlə bağlı müftilərin iştirakı ilə ayrıca görüşün keçirilməsi təklif olunub.
Modern.az xəbər verir ki, bu təkliflə Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının müsəlman dini liderlərinin 7-ci görüşündə çıxış edib.
QMİ sədri süni intellektin şəriət baxımından qiymətləndirilməsinə xüsusi diqqət ayrılmasının vacibliyini vurğulayıb.
“Dindarlar bu mövzuda bizim fikirlərimizi gözləyirlər”, – deyən A.Paşazadə məsələnin müzakirəsi üçün müftilərin xüsusi görüşünün keçirilməsini təklif edib.
Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin sədri Naurızbay Tağanulı da süni intellektdən əldə edilən məlumatlardan düzgün istifadənin əhəmiyyətinə toxunub.
Onun sözlərinə görə, din xadimləri cəmiyyətə, xüsusilə gənclərə dəqiq məlumat çatdırmalı və onların düzgün istiqamətləndirilməsində iştirak etməlidirlər.