Modern.az

Azərbaycanın 6 şəhərindən Monqolustana uçuş marşrutları müəyyənləşir

Azərbaycanın 6 şəhərindən Monqolustana uçuş marşrutları müəyyənləşir

Ölkə

Bu gün, 13:01

Azərbaycanla Monqolustan arasında hava əlaqəsinin yaradılması üçün hüquqi baza formalaşdırılır.

Modern.az-ın məlumatına görə, məsələ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub.

Komitədə “Azərbaycan Respublikası Hökuməti ilə Monqolustan Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsinə baxılıb.

Saziş 2026-cı il mayın 6-da Almaniyanın Leypsiq şəhərində imzalanıb.

Sənədə əsasən, Azərbaycanın təyin etdiyi aviaşirkətlər Bakı, Gəncə, Naxçıvan, Lənkəran, Qəbələ və Zaqataladan Monqolustanın Ulan-Bator, Hovd və Çoybalsan şəhərlərinə uçuşlar həyata keçirə biləcəklər.

Monqolustan aviaşirkətləri də həmin şəhərlərdən Azərbaycanın sazişdə göstərilən altı şəhərinə uçmaq hüququ əldə edəcəklər.

Tərəflərin hər biri razılaşdırılmış marşrutlar üzrə uçuşların yerinə yetirilməsi üçün bir və ya bir neçə aviaşirkət təyin edə biləcək. Aviaşirkətlərə kod-şerinq və blok-sahə müqavilələri bağlamağa da icazə veriləcək.

Uçuş proqramları yay və qış mövsümləri üçün uçuşların başlanmasından ən azı 45 gün əvvəl qarşı tərəfin aviasiya qurumuna təqdim olunacaq. Müvafiq qurum proqramla bağlı qərarını 20 gün ərzində verməlidir.

Sazişdə aviabiletlərin qiymətlərinin əsaslandırılmış səviyyədə müəyyənləşdirilməsi, sərnişinlərin süni şəkildə artırılmış tariflərdən, aviaşirkətlərin isə dövlət subsidiyaları hesabına aşağı salınmış qiymətlərdən qorunması nəzərdə tutulur.

Bundan başqa, beynəlxalq reyslərdə istifadə edilən təyyarələr, onların yanacaq və sürtkü materialları, ehtiyat hissələri və göyərtədəki ləvazimatlar müəyyən şərtlərlə gömrük rüsumları və vergilərdən azad ediləcək.

Sənəd tərəflərin dövlətlərarası prosedurların tamamlandığını təsdiqləyən sonuncu yazılı bildirişin alındığı tarixdən qüvvəyə minəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakı metrosunda rəzillik, yollarda basabas - Günahkar kimdir?