Modern.az

Etibar Məmmədovun məsələsinə aydınlıq gətirildi

Etibar Məmmədovun məsələsinə aydınlıq gətirildi

Ölkə

4 Oktyabr 2010, 13:13

Nemət Pənahlı AMİP lideri barədə mətbuata yalan məlumat veribmiş

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov bu il keçiriləcək parlament seçkilərində iştirak etməyəcək. Bu barədə Modern.az saytına AMİP mətbuat xidmətinin rəhbəri Əli Orucov məlumat verib. Onun sözlərinə görə, partiya liderinin bununla bağlı mövqeyini özü açıqlayacaq.
“Namizədlərin qeydiyyatı ilə bağlı vaxtın tamam olmasına az qalır. Odur ki, Etibar bəyin bundan sonra seçki kampaniyasına qatılmayacağı artıq bəllidir”-deyən Ə.Orucov AMİP liderinin guya Nemət Pənahlıya dəstək olacağı ilə bağlı mətbuatda yazılanları təkzib edib. Onun sözlərinə görə, 15 saylı Yasamal seçki dairəsindən partiyanın beynəlxalq məsələlər üzrə sədrin müavini Elşən Mustafayev namizədliyini irəli sürüb. “Etibar bəyin partiyanın namizədi qala-qala kimisə dəstəkləyəcəyi inandırıcı deyil”.

Ə.Orucovun sözlərinə görə, bu günə qədər AMİP-in artıq 5 namizədi rəsmən qeydə alınıb. 20-dən artıq namizəd isə imza vərəqələrini təhvil verib.  Bu günə qədər partiyanın yalnız bir üzvü qeydiyyata alınmayıb. DSK oxşar imzaların olma səbəbindən partiyanın namizədini qeydə almaqdan imtina edib.

 E. Məmmədovun parlament seçkilərinə qatılmaması bir sıra maraqlı mülahizələrə yol açır. Seçki prosesinin əvvəlində AMİP liderinin seçkilərlə bağlı “yuxarıların” razılığını alması barədə fikirlər dolaşırdı. Hətta “Azadlıq” radiosuna müsahibsəsindən sonra onu konkret olaraq FHN naziri Kəmaləddin Heydərovun “xeyir-duası”nı aldığı iddia olunurdu. Lakin indiki situasiyada Etibar bəyin kənara çəkilməsinı seçki prosesinin sürprizlərindən saymaq olar.

Sirr deyil ki, AMİP liderinə seçki prosesində dəstək  iri və orta sahibkar təbəqələrindən olub. Hazırkı seçki prosesində biznes elitasının siyasətdən kənara itələnməsi və onlara seçkidə namizədliklə bağlı qadağalar qoyulması istər-istəməz bu təbəqənin maraq dairəsində olan siyasi qüvvələrin də küncə sıxılması ilə müşahidə olunur. 
Digər tərəfdən Etibar Məmmədov kimi xarizmatik liderin seçkilərdən imtina etməsini siyasi müstəvinin çox kövrək olmasının nümayişi də saymaq olar. Görünür Etibar bəy Milli Məclisə AMİP-in yeni sədri və bir neçə namizədinin təbliğatında iştirakını özünün kampaniyaya qatılmasından üstün sayıb. Hər halda bu partiyanın reabilitasiyasına hesablanmış siyasət  kimi maraqlı gedişdir.    

Bu “sürpriz”i müxalifət düşərgəsi üçün həm də “siqnal” saymaq olar. Namizədlərin ciddi “ələnmə” sistemindən keçəcəyi barədə!   

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı