Xalq artisti Faiq Ağayev Kliniki Tibbi Mərkəzdə mətbuat konfransı keçirib. APA-nın xəbərinə görə, müğənni mətbuat nümayəndələrinin qarşısına çıxıb və 15 dəqiqə ərzində açıqlama verib. F.Ağayev artıq səhhətinin yaxşılaşdığını deyib. Xalq artisti onunla birgə bıçaqlanan Ramin Bayramovun cangüdəni deyil, dostu olduğunu deyib:
“Həmin gün onunla bir məkanın açılışında olmuşam. Xəstəxanada olanda xəbər tutdum ki, qarşı tərəf özünü təmizə çıxarmaq üçün bəzi fikirlər səsləndirib. Mən də bunlara aydınlıq gətirmək istəyirəm. Həmin gün maşınımın qarşısında gedən avtomobildə mənə pis işarə göstərdilər. Sonra isə orda olan qadın mənə pivə butulkası atdı. Mən söyüş söyməmişəm. Pəncərə bağlı olduğundan onlar mənim danışığımı eşidə bilməzdilər. Maşından düşüb etirazımı bildirdim. Bu zaman canlı bir qadın pivə butulkasını üzümə çırpaq istədir. Üzümü tutdum, butulka çiynimə dəydi”.
F. Ağayev deyib ki, onu Rüfət bıçaqlamayıb: “Məni qadın vurdu. Xəstəxanaya gələnə kimi bıçaqlandığımı bilmirdim. Guya deyirlər ki, mən kimlərisə tapdalamaq barədə əmr vermişəm. Belə şey olmayıb”.
Xalq artisti onu da deyib ki, həbs edilən Rüfət Məlikovun qardaşı Bəhruzu əvvəldən tanıyırmış: “Bəhruz məni bir ay izləyib”.
Baş verən hadisənin ona qarşı sui-qəsd olduğunu deyən müğənni “Onlar üzümə “şram” atmaq istəyirdilər ki, efirə çıxa bilməyim”.
F. Ağayev hadisə baş verən əraziyə narkotik almağa getməsi barədə deyilənləri də təkzib edib: “Mən sübut edəcəyəm ki, bu, belə deyil”.
F. Ağayev sonda Azərbaycan prezidenti İlham Əliyevə, daxili işlər naziri Ramil Usubova, baş prokuror Zakir Qaralova müraciət edib: “Xahiş edirəm, əlinizdən gələni edin ki, qanunun aliliyi qorunsun, cinayətkarlar layiqli cəzalarını alsınlar”.
Faiq Ağayevin bıçaqlanması ilə əlaqədar təyin olunmuş ekspertizanın nəticələri də məlum olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə APA-ya deyib ki, ekspertizanın rəyinə əsasən, F. Ağayevə vurulan 6 bıçaq zərbəsindən 1-i daxilə nüfuz edən, yəni həyat üçün təhlükəli olub. 5-i isə yüngül xəsarət kimi qiymətləndirilir.
Ekspertizanın rəyinə görə, digər zərərçəkənlər Ramin Bayramov və Azər Musayevin də xəsarətlərini ağır xəsarət kimi qiymətləndirib.
İş üzrə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunan şəxslərlə bağlı ekspertizanın rəyi isə hələlik açıqlanmayıb. Həmin şəxslərlə bağlı ekspert rəyi yaxın günlərdə məlum olacaq.
Qeyd edək ki, məlum hadisə sentyabrın 27-də səhər saatlarında Nəsimi rayonu ərazisində, keçmiş “Kubinka” adlanan yerdə baş verib. Xalq artisti Faiq Ağayev özünə məxsus 10 FA 222 dövlət nömrə nişanlı, “Audi” markalı maşını idarə edərkən, həmin yolla hərəkət edən “VAZ-2107” markalı avtomobilin sürücüsü və sərnişinləri ilə mübahisəsi düşüb. Sonradan qızışan mübahisə münaqişəyə çevrilib. Nəticədə F. Ağayev və onun yanında olan iki nəfərə çoxsaylı bıçaq xəsarətləri yetirilib. Təcilli olaraq xəstəxanaya yerləşdirilən xalq artisti Faiq Ağayev, onun mühafizəçiləri Ramin Bayramov və Azər Musayev əməliyyat olunublar. F. Ağayevə 6 bıçaq vurulub. O, kürək nahiyəsindən 4, budundan 1, qarın nahiyəsindən də 1 xəsarət alıb. Hər üç yaralı əməliyyat olunub.
Hadisə ilə əlaqədar üç nəfər şübhəli şəxs qismində məsuliyyətə cəlb edilib. Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4 və 221.3-cü maddələrlə təqsirləndirilən Rüfət Məlikov barəsində Nəsimi rayon Məhkəməsinin hökmü ilə 3 ay, CM-nin 221.2.1-ci maddəsi ilə şübhəli şəxs qismində məsuliyyətə cəlb edilən Seymur Məmmədov barəsində isə 2 ay müddətinə həbs-qətimkan cəzası seçilib. Hadisənin digər iştirakçısı olmuş Natəvan Şərifova isə himayəsində azyaşlı uşaqların olması nəzərə alınmaqla, CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib və onun barəsində də polisin nəzarəti altında olmaqla qətimkan tədbiri seçilib. Hazırda faktla bağlı başlanan cinayət işinin istintaqı davam etdirilir.