Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Rusiyanın Türk Dövlətləri Təşkilatına (TDT) üzv qəbul olunmasını və ya müşahidəçi statusunda qoşulmasını təklif etməsi müzakirələrə səbəb olub.
Qeyd edək ki, Tokayev təklifini bir neçə amillə əsaslandırıb. Birincisi, Tokayev Rusiyanın böyük dövlət olduğunu və əsrlər boyu Türk dünyası ilə sıx əlaqələr saxladığını vurğulayıb. İkincisi, Tokayev Rusiya ərazisində tarixən çoxsaylı türk xalqlarının nümayəndələrinin yaşadığını bildirib. Ardınca Tokayev rus dilində türk mənşəli xeyli sözün olduğunu söyləyib. Qazaxıstan Prezidenti ümumilikdə Rusiyanın türk dövlətlərinin bir hissəsinə çevrilməsi təşkilata fayda gətirəcəyini iddia edib. Amma bu faydanın nədən ibarət olduğu aydınlaşmayıb.
Modern.az-ın məlumatına görə, politoloq Elxan Şahinoğlu təklifə münasibət bildirib.

“Bəli, Rusiyada türkdilli xaqlar yaşayır və onların sayı milyonlarladır. Ancaq Rusiya Ukraynaya qarşı işğalçı müharibəni davam etdirdiyi və türk dövlətlərinin tamamı Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyi halda Rusiyanın Türk Dövlətləri Təşkilatına üzvlüyü təşkilatın nüfuzuna zərər verər. Rusiyada türk xalqları yaşadığı kimi, Ukraynada da türk mənşəli insanların sayı az deyil. Bu halda Ukraynanın da Türk Dövlətləri Təşkilatına üzvlüyü irəli sürülməlidir. Ancaq indiki şərtlər altında işğalçı ilə işğala məruz qalan ölkənin Türk Dövlətləri Təşkilatına üzvlüyü real deyil. Belə olan halda Rusiyanın təşkilata üzvlüyü, hətta müşahidəçi statusunda qatılması gələcək illərə saxlanılmalıdır. Kreml Ukraynaya qarşı işğalçı müharibəyə başlamasaydı, Rusiyanın üzvlüyü mümkün ola bilərdi. Ancaq nə qədər ki, Rusiya Ukraynaya qarşı işğalçı müharibəni davam etdirir, bu dövlətin təşkilata qoşulması heç kimə faydalı deyil. Təsadüfi deyil ki, Tokayevin Rusiya ilə bağlı təklifi toplantıda iştirak edənlər tərəfindən dəstəklənməyib”, - E.Şahinoğlu qeyd edib.