Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 22-də dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər işğaldan azad edilmiş ərazilərdə təbii sərvətlərin taleyi məsələsini yenidən gündəmə gətirib.
Modern.az xatırladır ki, Prezident çıxışında bildirib ki, işğal dövründə Kəlbəcər, Laçın və Zəngilan rayonlarında 60 min hektar meşə fondu məhv edilib, talan olunub, kəsilib və satılıb. Dövlət başçısının sözlərinə görə, həmin meşələrin bir hissəsi isə İkinci Qarabağ müharibəsindən sonra ərazilər Ermənistan silahlı qüvvələrinin nəzarətindən çıxarkən yandırılıb.

“Hamının yaxşı xatirindədir, onlar həm ağacları məhv edirdilər, həm də santexnikanı yaddan çıxarmayıblar”, - Prezident bildirib.
60 min hektarlıq meşə itkisi
Bu rəqəm ilk dəfə deyil ki, Azərbaycan rəhbərliyi tərəfindən səsləndirilir. Prezident İlham Əliyev 2022-ci ildə Kəlbəcərdə “İstisu” sanatoriyasının təməlqoyma mərasimində çıxışı zamanı da işğal dövründə 60 min hektar meşə fondunun məhv edildiyini bildirmişdi. Həmin çıxışda dövlət başçısı ağacların kəsilməsi ilə yanaşı, çayların çirkləndirildiyini, binaların söküldüyünü və qızıl yataqlarının qanunsuz istismar edildiyini qeyd etmişdi.
2023-cü ildə Laçın rayonunda xüsusi nümayəndə Məsim Məmmədovu qəbul edərkən də Prezident meşə fondunun qanunsuz istismarı nəticəsində 60 min hektarın məhv edildiyini, kəsildiyini, talan edildiyini və satıldığını bildirmişdi.

Beləliklə, məsələ yalnız ayrı-ayrı ağacların kəsilməsi ilə məhdudlaşmır. Söhbət uzun illər ərzində meşə ehtiyatlarının sistemli şəkildə istismarı ilə bağlı Azərbaycanın irəli sürdüyü iddialardan gedir.
Meşə ilə yanaşı, yeraltı sərvətlər də istismar olunub
İşğal illərində təbii sərvətlərə vurulduğu bildirilən zərər meşələrlə məhdudlaşmayıb.
Azərbaycan Prezidentinin 1 aprel 2026-cı il tarixli sərəncamında da qeyd olunur ki, işğaldan azad edilmiş ərazilərdə perspektivli yataqların istismara verilməsi ölkənin dağ-mədən və metallurgiya sənayesinin inkişafının əsas istiqamətlərindən biridir. Sənəddə Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarındakı yataqların bu baxımdan əhəmiyyətinə diqqət çəkilir.
Prezidentin sentyabrın 22-dəki müşavirədəki çıxışında isə qızıl, mis və molibden yataqlarının işğal dövründə talandığı bildirilib. Dövlət başçısı işğaldan azad edilmiş ərazilərdə mövcud yataqların müasir geoloji üsullarla yenidən qiymətləndirilməsinin və hasilatın genişləndirilməsinin qarşıdakı dövr üçün əsas istiqamətlərdən biri olduğunu deyib.

Bu baxımdan, işğaldan azad edilmiş ərazilərin bərpası yalnız yaşayış məntəqələrinin yenidən qurulması deyil, həm də təbii ehtiyatların inventarlaşdırılması və iqtisadi dövriyyəyə qaytarılması prosesidir.
Ərazilər qaytarılarkən meşələr də yandırılıb
2020-ci ilin noyabrında imzalanan üçtərəfli bəyanata əsasən, Ermənistan silahlı qüvvələri Ağdam, Kəlbəcər və Laçın rayonlarından müəyyən edilmiş müddətlər çərçivəsində çıxmalı idi. ATƏT-in həmin dövrə aid sənədində də Ermənistanın Kəlbəcər və Laçından çıxması ilə bağlı müəyyən edilmiş müddət qeyd olunur.
Ərazilərin təhvil verilməsi ərəfəsində yaşayış evlərinin və digər obyektlərin yandırılması barədə çoxsaylı məlumatlar yayılmışdı.
Azərbaycanın BMT-yə təqdim etdiyi sənədlərdə də həmin dövrdə evlərin, məktəblərin və digər mülki obyektlərin yandırılması, elektrik infrastrukturu və digər təsərrüfat elementlərinin sökülməsi, ağacların kəsilməsi və meşələrin yandırılması barədə məlumatlar yer alıb.

BMT sənədlərində Azərbaycanın təqdim etdiyi məlumatlara istinadən işğal olunmuş ərazilərdə meşələrin məhv edilməsi, ağacların kəsilməsi və təbii sərvətlərin istismarı ilə bağlı iddialar da əksini tapıb. 2020-ci ildə BMT-yə təqdim edilmiş materiallardan birində peyk görüntüləri əsasında meşələrdən oduncaq daşınması və mədən fəaliyyəti nəticəsində ətraf mühitə təsir barədə məlumatların təqdim edildiyi göstərilir.
Ekoloji fəsadlar illərlə davam edə bilər
Meşənin məhv edilməsi yalnız həmin ərazidə ağacların azalması demək deyil. Meşələr torpağın eroziyadan qorunmasında, su ehtiyatlarının tənzimlənməsində, biomüxtəlifliyin saxlanılmasında və iqlim proseslərində mühüm rol oynayır.
Buna görə işğaldan azad edilmiş ərazilərdə ekoloji bərpa uzunmüddətli proses hesab olunur. Burada söhbət sadəcə ağac əkməkdən yox, meşə ekosistemlərinin bərpasından gedir.
Qarşıda böyük ekoloji bərpa prosesi dayanır
İşğaldan azad edilmiş ərazilərdə hazırda paralel şəkildə bir neçə proses həyata keçirilir: mina və partlamamış hərbi sursatlardan ərazilərin təmizlənməsi, yaşayış məntəqələrinin qurulması, yolların və kommunikasiyaların çəkilməsi, su və enerji infrastrukturunun yaradılması, təbii sərvətlərin öyrənilməsi və ekoloji bərpa.

Bu proseslərin hər biri digərindən asılıdır. Minalarla çirklənmiş ərazilərdə meşəbərpa işlərinin aparılması üçün əvvəlcə təhlükəsizlik məsələsi həll edilməlidir. Eyni zamanda yeni infrastruktur layihələri zamanı təbii landşaftın qorunması da mühüm məsələlərdən biridir.
Kəlbəcər, Laçın və Zəngilanın təbii sərvətləri Azərbaycanın yalnız iqtisadi potensialının bir hissəsi deyil. Bu ərazilərin meşələri, çayları, dağları və biomüxtəlifliyi həm də ölkənin ekoloji təhlükəsizliyi baxımından əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin son çıxışında səsləndirdiyi 60 min hektarlıq rəqəm də məhz bu baxımdan diqqət çəkir. İşğal dövründə təbii sərvətlərə vurulduğu bildirilən zərərin miqyası bərpa prosesinin niyə uzunmüddətli və sistemli xarakter daşıdığını göstərir.
İndi əsas məsələ yalnız itirilmiş meşə sahələrinin hesablanması deyil. Qarşıdakı illərdə həmin ərazilərin yenidən yaşıllaşdırılması, təbii ekosistemlərin qorunması və Azərbaycanın zəngin təbii sərvətlərinin gələcək nəsillər üçün saxlanılmasıdır.
Çünki dağıdılmış bir tikilini yenidən inşa etmək mümkün olsa da, onilliklər ərzində formalaşan meşə ekosisteminin bərpası daha uzun zaman və ardıcıl ekoloji siyasət tələb edir.
Gülər Hüseynli