Hərbi qulluqçuların vəzifə maaşlarının minimum məbləğinə dair müddəanın qanunvericilikdən çıxarılması təklif olunur.
Modern.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçiriləcək payız sessiyasının ilk plenar iclasında müzakirə olunacaq.
“Hərbi qulluqçuların statusu haqqında” Qanuna təklif edilən dəyişikliyə əsasən, zabitlərin, gizirlərin, miçmanların və müddətdən artıq həqiqi hərbi xidmət qulluqçularının vəzifə maaşlarının minimum məbləğinin Azərbaycanda dövlət qulluqçularının orta əməkhaqqından az ola bilməməsi barədə müddəa çıxarılacaq.
Həmçinin dövlət qulluqçularının əməkhaqqı artırıldıqda və dolanacaq xərclərinin indeksi dəyişdikdə hərbi qulluqçuların təminat xərclərinin normalarının yüksəldilməsini nəzərdə tutan müddəanın ləğvi təklif edilir.
Layihədə hərbi qulluqçuların pul təminatının müəyyənləşdirilməsi zamanı xidmətin xüsusiyyətinin və məsuliyyətin də nəzərə alınması nəzərdə tutulur.
Bundan başqa, müəyyən qurumun hərbi qulluqçuları üçün ayrıca ödəniş sistemi müəyyən ediləcək. Həmin qurumun rəhbəri və müavinləri istisna olmaqla, bu hərbi qulluqçuların pul təminatı rütbə maaşından, ondan hesablanan əlavələrdən və konkret məbləğlərlə müəyyən edilən digər əlavələrdən ibarət olacaq.