Azərbaycanla Ermənistan arasında iqtisadi əlaqələrin genişləndirilməsi, ölkəmizin ixrac potensialı və bu addımların sülh prosesinə təsiri gündəmdədir. Azərbaycanın indiyə kimi Ermənistana tonlarla yanacaq satması fonunda iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, qeyri-neft sektorunun müxtəlif sahələri üzrə yeni bazar imkanlarının yaradılması və özəl sektorun bu proseslərə cəlb olunması diqqət mərkəzindədir. 2026-cı ilin ilk yeddi ayı ərzində Azərbaycanın Ermənistana 17 milyon 372,1 min dollar dəyərində məhsul ixrac etməsi iki ölkə arasında ticarət əlaqələrinin bərpası baxımından mühüm göstərici kimi qiymətləndirilir.
Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib ki, Ermənistanla ticarət əlaqələrinin genişləndirilməsi sülh gündəliyinə mühüm töhfə verə bilər:
"Hesab edirəm ki, Ermənistanla ticarət əlaqələrinin genişləndirilməsi iki ölkə arasında formalaşan sülh gündəliyinin iqtisadi müstəvidə möhkəmlənməsinə mühüm töhfə verə bilər. Hazırda Ermənistan istiqamətində benzin və dizel yanacağının satışına başlanılıb. Bu, qarşılıqlı ticarətin inkişafı baxımından ilkin və müsbət addımdır. Lakin Azərbaycanın ixrac potensialı bununla məhdudlaşmır və gələcəkdə Ermənistan bazarına daha geniş çeşiddə məhsulların çıxarılması mümkündür".
Deputat qeyd edib ki, gələcək mərhələdə kimya sənayesi və qeyri-neft sektorunun digər istiqamətləri üzrə də ixrac imkanları nəzərdən keçirilə bilər:
"İlk növbədə, kimya sənayesi məhsullarını qeyd etmək istərdim. Buraya karbamid, yüksək sıxlıqlı polietilen və digər kimya sənayesi məhsulları daxil ola bilər. Azərbaycan bu sahələrdə müəyyən istehsal imkanlarına və ixrac potensialına malikdir. Bununla yanaşı, gələcək mərhələdə qeyri-neft sektorunun digər istiqamətləri üzrə də ixrac imkanlarının araşdırılması mümkündür. Kənd təsərrüfatı və qida məhsulları, tikinti materialları, müxtəlif sənaye məhsulları Azərbaycan şirkətlərinin Ermənistan bazarında təqdim edə biləcəyi istiqamətlər sırasında ola bilər".
"Əsas məqsəd ticarət əlaqələrini mərhələli şəkildə genişləndirmək, qarşılıqlı iqtisadi maraqları artırmaq və özəl sektorun bu prosesdə iştirakını təmin etməkdir. İqtisadi əlaqələrin inkişafı yalnız yeni bazar imkanları yaratmır, eyni zamanda iki ölkə arasında etimadın və uzunmüddətli sülhün möhkəmlənməsinə xidmət edən mühüm amillərdən birinə çevrilə bilər", – deyə A.Badamov fikrini yekunlaşdırıb.