2027-ci ildə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcə xərclərinin 9 milyard 272,5 milyon manat olması proqnozlaşdırılır. Bu, 2026-cı illə müqayisədə 9,3 faiz çoxdur.
Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Fondun 2027-ci il büdcə layihəsində məlumat verilib.
Xərclərin 9 milyard 220,5 milyon manatının Fondun gəlirləri, 52 milyon manatının isə cari ilin sonuna istifadə olunmamış qalığı hesabına qarşılanması nəzərdə tutulur.
İclasda İşsizlikdən Sığorta Fondunun (İSF) 2027-ci il büdcə layihəsi də müzakirə edilib. Gələn il Fondun xərclərinin 2026-cı illə müqayisədə 19,8 faiz artaraq 319,2 milyon manata çatacağı proqnozlaşdırılır.
Bu xərclərin 268,9 milyon manatı Fondun gəlirləri, 50,3 milyon manatı isə cari ilin sonuna istifadə olunmamış qalığı hesabına maliyyələşdiriləcək. Həmin göstəricilər üzrə artım müvafiq olaraq 12,8 və 79 faiz təşkil edəcək.
Məsələ səsə qoyularaq birinci oxunuşda qəbul edilib.