Modern.az

Övladlarınızı təhsillə hicab arasında seçimə məcbur etməyin - Cəsarət Hüseynzadə

Övladlarınızı təhsillə hicab arasında seçimə məcbur etməyin - Cəsarət Hüseynzadə

Ölkə

Bu gün, 20:06

Xarici ölkələrin müxtəlif təhsil müəssisələrində də vahid geyim forması tətbiq edilir.

Modern.az xəbər verir ki, bu fikirləri İnformasiya  və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə məktəbli formaları ilə bağlı videomürəciətində bildirib:

"Hörmətli valideynlər, əziz gənclər!

Bir müddətdir təhsillə bağlı müzakirə etdiyimiz məsələlərdən biri məktəblərdə vahid geyim formasının tətbiqidir. Hesab edirəm ki, bu gün belə məsələləri müzakirə etməklə yanaşı, təhsilin daha da inkişaf etdirilməsi istiqamətində də müzakirələr aparmalıyıq.

Dövlət tərəfindən dövlət təhsil müəssisələrində vahid məktəbli formasının tətbiqi ilə bağlı qərar qəbul edilib və müvafiq nümunələr təqdim olunub. Xarici ölkələrin müxtəlif təhsil müəssisələrində də vahid geyim forması tətbiq edilir. Bu yanaşma bir sıra müsbət məqamları özündə birləşdirir. Belə ki, vahid forma şagirdlər arasında sosial bərabərliyin qorunmasına, müəyyən stereotiplərin aradan qaldırılmasına və vahid təhsil mühitinin formalaşmasına xidmət edir.

Hesab edirəm ki, bu cür qərarlarla bağlı cəmiyyətdə müzakirələr aparılmalı, məsələyə həssas yanaşılmalıdır. Eyni zamanda, xarici qüvvələrin din pərdəsi altında ölkəmizin bütövlüyünə, birliyinə və vətəndaşlar arasında həmrəyliyə zərbə vurmaq cəhdlərinə qarşı ayıq-sayıq olmalıyıq.

Mən özüm də qız övladı atası kimi hər zaman övladımın təhsilinə xüsusi diqqət yetirməyə, onun yaxşı təhsil alması üçün bütün imkanları səfərbər etməyə çalışmışam. Buradan xüsusilə qız övladı olan valideynlərə müraciət edirəm: heç vaxt övladınızın təhsil almasına mane olmayın. Nəyin bahasına olursa-olsun, onun təhsil almasına dəstək olun.

Azərbaycanda dini inanclarla bağlı heç bir məhdudiyyət problemi yoxdur. Hər kəs müxtəlif məkanlarda dini ayinlərini icra edə, öz inancına uyğun geyim seçə bilər. Lakin nəzərə almalıyıq ki, təhsil dünyəvilik prinsipinə əsaslanır və onun əsas məqsədi öyrənmək, öyrətmək, bilik və bacarıqların inkişaf etdirilməsidir.

Bu baxımdan, təhsildə əsas prioritet vahid və keyfiyyətli təhsil mühitinin formalaşdırılması olmalıdır. Mən valideynləri övladlarımızın gələcəyi naminə səylərimizi keyfiyyətli təhsilə yönəltməyə çağırıram. Vahid məktəbli formasının tətbiqini də təhsil sistemimizin daha güclü, keyfiyyətli və əlçatan olması istiqamətində atılan addımlardan biri kimi qiymətləndirirəm.

Əziz valideynlər, heç vaxt övladlarınızı təhsillə hicab arasında seçim etməyə məcbur etməyin. Mənim fikrimcə, ən vacib məsələlərdən biri övladlarımızın keyfiyyətli təhsil almasıdır. Çünki təhsil həm uşaqlarımızın gələcəyi, həm də dövlətimizin gələcəyidir".

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər