Salyanda “Mercedes” markalı minik avtomobili qatarla toqquşub. Sürücü avtomobildən atılaraq xəsarət almaqdan xilas olub.
Modern.az xəbər verir ki, hadisə oktyabrın 10-da səhər saatlarında dəmir yolunun Salyan–Salmanlı sahəsində, Arbatan keçidində baş verib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatına görə, sürücü dəmiryol keçidindən keçmə qaydalarını pozaraq avtomobili hərəkətdə olan lokomotivin qarşısına çıxarıb. Maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşmanın qarşısını almaq mümkün olmayıb. Qəza nəticəsində lokomotivə zərər dəyib.
Faktla bağlı araşdırma aparılır.
ADY sürücüləri dəmiryol keçidlərinə yaxınlaşarkən diqqətli olmağa, qatarın yaxınlaşmadığına əmin olduqdan sonra hərəkəti davam etdirməyə və yol nişanlarının tələblərinə əməl etməyə çağırıb.