Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyətində iştirak etmədiyinə baxmayaraq, qurumun bütün qərarlarının onunla razılaşdırılması tələb olunur. Buna görə də Ermənistan təşkilatdan xaric edilməlidir.
Modern.az xəbər verir ki, bunu KTMT-nin keçmiş baş katibi Nikolay Bordyuja “RİA Novosti”yə müsahibəsində bildirib.
Hazırda KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir. Ermənistan 2024-cü ildə təşkilatda iştirakını “dondurduğunu” bəyan edib. Bu addım təşkilatın nizamnaməsində nəzərdə tutulmasa da, rəsmi İrəvan üzvlük haqlarını ödəməyi dayandırıb.
Bordyujanın sözlərinə görə, Ermənistan təşkilatda iştirakını dayandırsa da, üzvlükdən rəsmən çıxmadığı üçün KTMT-nin tamhüquqlu üzvü olaraq qalır.
“Əgər onlar iştiraklarını dayandırırlarsa, lakin təşkilatdan çıxmırlarsa, KTMT-nin tamhüquqlu üzvləri olaraq qalırlar. Tam hüquqlu üzvlərdirlərsə, deməli, bütün qərarlar onların mövqeyi nəzərə alınmaqla qəbul edilməlidir. KTMT-də qərarlar konsensus əsasında verilir. Ancaq bu gün Ermənistanın mövqeyi, mahiyyət etibarilə, təşkilatda həyata keçirilən siyasətlə ziddiyyət təşkil edir”, – deyə keçmiş baş katib bildirib.
N.Bordyuja hesab edir ki, Ermənistanın təşkilatdan tamamilə çıxması daha düzgün addım olardı. Onun sözlərinə görə, İrəvan bunu etmirsə, KTMT Ermənistanı üzvlükdən xaric etməlidir.
“Mən onları təşkilatdan xaric edərdim. Üzvlük haqlarını ödəmirlər, fəaliyyətdə iştirak etmirlər. Məsələyə ciddi yanaşsaq, əgər onlar ciddi tərəfdaşlardırsa, sadəcə təşkilatdan çıxmalıdırlar. Ancaq onların mövqeyi ikilidir: nə təşkilatdan çıxırlar, nə də onun fəaliyyətində iştirak etmək istəyirlər. Buna görə də onları xaric etmək lazımdır”, – deyə Bordyuja vurğulayıb.
Bundan əvvəl KTMT-nin baş katibi Taalatbek Masadıkov Ermənistanın təşkilatdan xaric edilməsi məsələsinin 2026-cı il noyabrın 11-də Moskvada keçiriləcək Kollektiv Təhlükəsizlik Şurasının iclasında qaldırıla biləcəyini bildirib.
Onun qiymətləndirməsinə görə, Ermənistan təşkilatın nizamnaməsinin 20-ci və 25-ci maddələrini pozur.
Qeyd edək ki, Ermənistanın KTMT-də iştirakını dondurması ilə bağlı qərarı təşkilatla İrəvan arasında münasibətləri gərginləşdirib. Bununla belə, Ermənistanın təşkilatdan rəsmən çıxarılması və ya üzvlüyünə xitam verilməsi ilə bağlı yekun qərar barədə məlumat verilməyib.