Modern.az

ABŞ-dan Türkiyəyə qaytarılan 100 tarixi əsər İstanbulda nümayiş etdirilir

ABŞ-dan Türkiyəyə qaytarılan 100 tarixi əsər İstanbulda nümayiş etdirilir

Mədəniyyət

Bu gün, 11:07

Türkiyə xaricə qanunsuz yollarla aparılmış mədəniyyət nümunələrinin geri qaytarılması istiqamətində növbəti uğura imza atıb. Modern.az xəbər verir ki, İstanbul Arxeologiya Muzeylərində keçirilən tədbirdə mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy ABŞ-dan ölkəyə qaytarılan 100 tarixi əsəri ictimaiyyətə təqdim edib. Tədbir çərçivəsində “Çıxış yolu yoxdur: Boubon” sərgisinin də açılışı olub.

Əsərlərin geri qaytarılması Türkiyənin beynəlxalq hüquqi və elmi əməkdaşlıq çərçivəsində apardığı məqsədyönlü fəaliyyətin nəticəsidir. Prosesin mühüm mərhələsi 2026-cı ilin mayında ABŞ-da bir hərrac evinin Anadolu mənşəli tarixi nümunələri satışa çıxarması ilə başlayıb. Türkiyə Mədəniyyət və Turizm Nazirliyi müvafiq elmi sənədləri Manhetten Dairə Prokurorluğuna və ABŞ-ın Daxili Təhlükəsizlik Araşdırmaları İdarəsinə (HSI) təqdim edib. Nəticədə hərrac dayandırılıb və əsərlərin Türkiyəyə qaytarılması təmin olunub.

Tədbirdə çıxış edən nazir Mehmet Nuri Ersoy Manhetten Dairə Prokurorluğunun, HSI-nin, Türkiyə Xarici İşlər Nazirliyinin və Nyu-Yorkdakı Baş Konsulluğun dəstəyini, eləcə də əsərlərin daşınmasında “Türk Hava Yolları”nın rolunu xüsusi vurğulayıb. O bildirib ki, məqsəd yalnız tarixi nümunələri muzeylərə qaytarmaq deyil, onları mənsub olduqları mədəni kontekstdə yenidən təqdim etməkdir.

Geri qaytarılan 100 artefakt arasında Tokat vilayətinin Horoztepe ərazisindən tapılmış, eramızdan əvvəl 2300–2000-ci illərə aid 40 nümunə xüsusi yer tutur. Mərasim musiqi alətləri, silahlar və metal qablardan ibarət bu kolleksiya Erkən Tunc dövründə Anadoluda metal emalının yüksək inkişaf səviyyəsini əks etdirir. Təxminən 70 il əvvəl ölkədən qanunsuz çıxarılan əsərlərin qaytarılması elmi araşdırmalar və arxiv sənədlərinin müqayisəsi nəticəsində mümkün olub.

Digər mühüm kolleksiyaya Burdur vilayətinin Düver kəndinə aid, eramızdan əvvəl VI əsrə aid 44 terrakota memarlıq lövhəsi daxildir. Müxtəlif ölkələrdən mərhələli şəkildə geri qaytarılan bu nümunələrin sonuncu qrupu Los-Ancelesdəki J. Paul Getty Muzeyindən gətirilib. Bununla da kolleksiyanın bütövlüyü bərpa olunub. Qaytarılan digər əsərlər arasında qədim Afrodisias şəhərinə aid portret, teatr maskaları və ilahə heykəlcikləri də var.

Boubonun talan edilmiş heykəlləri yenidən bir araya gətirilib

Tədbirin diqqətçəkən məqamlarından biri “Çıxış yolu yoxdur: Boubon” sərgisinin açılışı olub. Sərgidə Burdur vilayətinin Gölhisar rayonunda yerləşən qədim Boubon şəhərindən 1960-cı illərdə qanunsuz qazıntılar zamanı talan edilərək xaricə aparılmış nadir tunc heykəllər nümayiş olunur.

Roma imperatorlarına və onların ailə üzvlərinə həsr edilmiş Sebasteion ziyarətgahına aid bu heykəllərin hissələri onilliklər ərzində müxtəlif ölkələrin muzey və şəxsi kolleksiyalarında saxlanılıb. Mütəxəssislər apardıqları araşdırmalar, o cümlədən postamentlərdəki birləşmə izlərinin və material nümunələrinin təhlili nəticəsində heykəllərin mənşəyini müəyyənləşdiriblər.

Beləliklə, baş, gövdə və digər hissələri müxtəlif kolleksiyalara səpələnmiş heykəllər yenidən bir araya gətirilib. Onların arasında Roma imperatorları Lusi Ver, Septimi Sever, Karakalla və Mark Avrelinin heykəlləri də var.

Boubon əsərlərinin qaytarılması qədim şəhərdə arxeoloji tədqiqatlara da yeni təkan verib. 2023-cü ildə bərpa olunan qazıntılar hazırda Burdur Arxeologiya Muzeyinin koordinasiyası ilə davam etdirilir. Bu proses Türkiyənin mədəni irsin qorunması və tarixi sərvətlərin qanuni sahiblərinə qaytarılması istiqamətində ardıcıl siyasətinin mühüm göstəricisidir.

Sizə yeni x var
Keçid et
Hamının gözlədiyi an! Ərdoğan Bakıda hansı mesajları verəcək?