Modern.az

Şirkətlərin ləğvi zamanı əmək müqavilələri ilə bağlı yeni tələb

Şirkətlərin ləğvi zamanı əmək müqavilələri ilə bağlı yeni tələb

Ölkə

Bu gün, 12:10

Hüquqi şəxslərin ləğvi zamanı işçilərlə bağlanmış əmək müqavilələrinə xitam verilməsi məcburi olacaq.

Modern.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Mülki və Vergi məcəllələrinə, eləcə də “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, ləğvetmə komissiyası hüquqi şəxsin ləğvetmə balansı təsdiq edilənədək işçilərlə bağlanmış əmək müqavilələrinə Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq xitam verilməsini təmin etməlidir.

Eyni zamanda, vergi ödəyicisi olan fiziki şəxslərin, xarici dövlət rezidentlərinin Azərbaycanda daimi nümayəndəlik yaratmayan bölmələrinin və idarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxslərin vergi uçotundan çıxarılması yalnız işçilərinin əmək müqavilələrinə qanunvericiliyə uyğun xitam verildikdə mümkün olacaq.

Hüquqi şəxsin ləğvi zamanı təqdim olunan sənədlər sırasına qüvvədə olan əmək müqaviləsinin olmamasını təsdiqləyən elektron çıxarış da əlavə ediləcək. Bu tələb müflis olması nəticəsində ləğv edilən hüquqi şəxslərə də şamil olunacaq.

Layihədə əvvəllər ləğv edilmiş hüquqi şəxslərlə bağlı keçid müddəası da nəzərdə tutulub.

Belə ki, qanun qüvvəyə minənədək ləğv edilmiş hüquqi şəxslərlə, habelə layihədə göstərilən və vergi uçotundan çıxarılmış xarici subyektlərlə bağlanmış, lakin informasiya sistemində xitam verilməmiş əmək müqavilələri işçilərin müraciəti əsasında həmin subyektlərin dövlət reyestrindən və ya vergi uçotundan çıxarıldığı tarixdən qüvvədən düşmüş hesab ediləcək.

Məsələ səsə qoyularaq birinci oxunuşda qəbul edilib. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyə ayağa qalxdı! Gürcüstana sərt cavab - Ərdoğan hərəkətə keçdi