Black Friday endirimi ilə satılan telefon ötən ay daha ucuz olub
Modern.az xəbər verir ki, sosial şəbəkədə paylaşdığı videoda Teymur Hacıyev “Black Friday” (Qara Cümə) kampaniyası çərçivəsində mağazalarda təqdim olunan endirimləri əvvəlki qiymətlərlə müqayisə edib.
Onun sözlərinə görə, “Black Friday” ərəfəsində bəzi məhsulların əvvəlki və hazırkı qiymətlərini araşdırarkən maraqlı fakt üzə çıxıb.
Belə ki, “Baku Electronics” mağazasının saytında “Samsung Galaxy A57” (8/256 GB) smartfonunun əvvəlki qiyməti 1 459,99 manat, endirimli qiyməti isə 1 159,99 manat göstərilir. Beləliklə, məhsulun 300 manat ucuzlaşdığı qeyd olunur.
Lakin oktyabrın 8-də yayımlanan qiymət araşdırmasına əsasən, həmin telefon eyni mağazada 1 119,99 manata təklif edilib. Bu isə o deməkdir ki, “Black Friday” kampaniyası çərçivəsində təqdim olunan qiymət ötən ayla müqayisədə 40 manat bahadır.
Beləliklə, məhsulun üzərində 300 manatlıq endirim göstərilsə də, faktiki qiymət əvvəlki təklifdən yüksəkdir. Bu hal bir daha göstərir ki, alış-veriş zamanı endirim faizinə deyil, məhsulun real və əvvəlki qiymətinə diqqət yetirmək vacibdir.