İndiki cavanlar deyir ki, toyda qab-qacaq daşımaq fikrində deyillər

Elimizin toy kimi gözəl adəti var. İstər gənc qız və oğlanların özləri, istərsə də onların valideynləri toy mərasiminin yüksək səviyyədə qeyd olunmasına çalışırlar. Müasır dövrdə insanların həm maddi vəsaitinə, həm də zövqlərinə görə şadlıq evləri tikilib. Gənclər isə həmin şadlıq evlərində ömürlərinin ən yadda qalan hadisəsini qeyd edirlər.
Bəs şadlıq evlərindən qabaq toy mərasimləri harda keçirilirdi? Əvvəllər kənddə toy keçirmək üçün palatkalar quraşdırılırsa da, şəhərdə toyxanalar fəaliyyət göstərirdi.
Sumqayıt yaranandan bəri şəhərdə yaşayan əhaliyə xidmət göstərmək üçün bir sıra obyektlər tikilirdi və bunlardan biri də 70-90-cı illərdə məşhur olan toyxanalar idi. Toyxanalar əsasən kəndlərdə toy zamanı quraşdırılan palatkalar formasında tikilib. Bir mərtəbədən ibarət bu obyekt şəhər əhalisinin xeyir işlərini – toy, nişan mərasimlərini keçirməsi üçün nəzərdə tutulub. Böyük mikrorayonlarda dör-beş, nisbətən kiçik mikrorayonlarda isə iki-üç belə obyekt tikilib. İki – üç binanın nəzdində olan toyxanalara üzv olan sakinlər onların maddi çatışmazlıqlarını özləri qarşılayırdılar. Bunun nəticəsində həmin insanlar mağarda toyu pulsuz edirdilər. Qıraq sakinlər isə bir günlük kirayə üçün müəyyən məbləğ ödəyirdilər.
Toyxanaların dekorasiyası da tamamilə toy əhval-ruhiyyəsində olurdu. Onun içi al-əlvan rənglə rənglənir, divarlarında bəy və gəlinin şəkli çəkilir, “xöşbəxt olun”, “toyunuz mübarək” ifadələri yazılırdı. İnsanları bu obyektə cəlb edən digər bir cəhət isə toy zamanı bəy və gəlinin toyxanada ən başda oturub toyu yaxından izləmələri idi. Lakin toyxanaların ömrü uzun sürmədi.
Artıq 90-cı illərin axırlarından müasir dövrün məşhur şadlıq sarayları tikilməyə başlandı. Toy zamanı bəy və gəlinin başda oturması yeniliyi şadlıq evində də tətbiq edildi, amma daha təmtəraqlı şəkildə.
1996-cı ildə toyxanada toyu olmuş Səbinə Eyvazova deyir ki, maddi baxımdan orada toy eləmək daha əlverişli idi: “Mağarda toy eləməyin öz ləzzəti var. Restoron toyuna gedəndə adam sıxılır, sərbəst ola bilmir, ürəyin istədiyi kimi nə yeyə, nə də hərəkət edə bilirsən, özünü robot kimi hiss edirsən. Toyxanda isə qohumlar ətrafında olur, bir – birlərinə kömək edir, qaynayıb-qarışırlar. Həm sərbəstlik baxımından, həm də maddi baxımdan mağarda toy eləmək əlverişlidir. Sadəcə dizaynı dəyişsələr mağarda toy eləmək mümkündür”.
Səbinə xanım toyxanalardakı toyu bəyənsə də, öz övladına orada toy etmək istəmədiyini vurğulayıb. “Müasir dövrlə ayaqlaşmaq lazımdı. Həm də ictimai qınağa görə qızıma şadlıq evində toy edəcəm”.
Şadlıq evlərinin təzə tikildiyi zaman baha olması səbəbindən insanlar əvvəlcə toyxanalarda toy eləməyə davam etdi. Həmin vaxtlar yalnız bir – iki varlı insanın şadlıq evində toy elədiyi görülürdü. Zaman keçdikcə, əhalinin maddi vəziyyəti yaxşılaşdıqca həm şadlıq evlərinin sayı artdı, həm də orada toy edənlərin. Toyxanalar yavaş – yavaş dəbdən düşməyə başladı. Bir müddətdən sonra isə toyxanalar yenidən məşhurlaşdılar, amma bu dəfə fərqli imicdə. Artıq şəhər əhalisi şər mərasimlərini keçirmək üçün həmin toyxanlardan istifadə edirdi. Toy məkanı şər məkanına çevrilsə də, əhali onun adını dəyişdirmədi. Amma toyxananın dekorasiyası dəyişdi, bəy və gəlin şəkilləri, divardakı toyla bağlı yazılar silindi, rəngli pərdələr dəyişdirildi.
Son iki – üç ildə toyxanalarda şər mərasimi ilə yanaşı, kiçik xeyir məclisləri də qeyd olunur. Kiminsə uşağı ali məktəbə qəbul olanda və ya oğlunu əsgərə yola salanda orda yığıncaq edir, çalğı çaldırır. İlkin vaxtlardakı kimi olmasa da, toyxanaların əvvəlki statusu deyəsən geri qayıdır.
Gənc nəsildən təzə nişanlanan Şəhanə Məmmədova toyxanada toyunun olmasını istəmədiyini bildirib. “Uşaqlıqdan gözümü açıb şadlıq evlərindəki toyu görmüşəm. Həm dizayn da mənim üçün önəmlidir. İnsan oturduğu yerdən zövq almaq istər. Digər tərəfdən insanlar, xüsusilə qohumlar toya əylənməyə gəlir, daha qab-qacaq yumaqla məşğul olmağa, insanlara qulluq etməyə yox. Maddi baxımdan baha olmasına gəlincə, bir sıra yeməkləri menyüdan çıxartsaq, məncə problemi həll etmək olar”.
Toy gününün təzə evlənənlər üçün xüsusi gün olduğunu vurğulayan Şəhanə xanım toyun yüksək səviyyədə keçməsi üçün şadlıq evlərinə üstünlük verdiyini qeyd edib.
Bizim evin qarşısında da belə toyxana var. Onu tikəndə mən uşaq olsam da, bəzi şeyləri xatırlayıram. Hətta uşaqlıqda həmin məkanda bir dəfə toyda da olmuşam. Hər gün eyvanın pəncərəsindən baxanda həmin toyxananı görürəm və düşünməyə başlayıram. Görəsən bir vaxtlar bu qədər məşhur olan həmin məkanlar niyə belə süquta uğradı?
Mənim fikrimcə zaman keçdikcə, texnologiya dəyişdikcə hər şey dəyişməlidir. Şadlıq evləri toyxanalardan fərqli olaraq müasir formada olduğundan, zamanın tələblərinə cavab verdiyindən insanların diqqətini daha çox çəkdi. İndi şadlıq evləri dəbdədir, vaxt gələcək ki, toyxanalar kimi onları da dəbdən salan nəsə tapılacaq. Amma bu bir faktdır ki, şadlıq evlərinin ömrü toyxanalara nisbətən daha uzun oldu və bəlkə də onları dəbdən sala biləcək bir məkan da tikilməyəcək. Bilmək olmaz, bəlkə də...
Aytən Əliyeva