
"Mən istəyirdim ki, o tənbəl və fərsiz olmasın, yaxşı sənəti, yaxşı arvadı və uşaqları olsun, bir də ki, adi və rahat həyat sürsün. Sən saydığını say... İndi baxın görün, ondan necə bir oğul alındı! Padşah! Hamı onu sevir, balaca uşaqlar da onu küçədə görəndə adı ilə çağırırlar: “Adriano! Adriano!”, o ağzını açanda hamı gülür, oxuyanda isə hamı heyran qalır. Mən isə elə bilirdim ki, uşaqlarımın içərisində oxumağı bacarmayan, səsi olmayan təkcə Adrianodur”.
Modern.az-ın məlumatına görə, bu sözəri yanvarın 6-da İtaliyada 78 yaşını qeyd edən məşhur aktyor Adriano Çelentanonun anası Cuditto hələ 1968-ci ildə dərgilərdən birinə müsahibə verərərkən söyləyib.
Adriano Çelentano 6 yanvar 1938-ci ildə İtaliyanın Milan şəhərində dünayaya göz açıb. Çoxuşaqlı və kasıb bir ailə olublar. Adriano evdə 5-ci övlad idi. O, uşaqlığını doğma şəhərinin Qlyuk küçəsində keçirib, sonralar bu küçə haqqında mahnı da yazacaqdı.
Onun ailəsində hamının musiqi istedadı var idi , buna baxmayaraq ailədə heç kimin ağlına da gəlmirdi ki, bu istedaddan qazanc məqsədi üçün istifadə etsinlər. Adriano dayısından saatsazlıq sənətini öyrənib, güzəranını keçirmək fikrində idi. Kiçik bir təsadüf onun həyatının dəyişməsinə səbəb oldu. Məhəllələrində olan həvəskar tetarın hazırladığı tamaşada bir dəfə məşhur sənətkar Lui Primanı parodiya edib oxudu. Və bundan sonra gənc Adriano musiqi müsabiqələrinə dəvət almağa başladı. 1954-cü ildə 16 yaşı olanda isə artıq özü mahnılar bəstələyib, hətta musiqilərin kompozisiyasını da qururdu.
Adrianonun anası Cuditto Çelentanonun müsahibəsindən: “Mən sizə deyim ki, Adriano çox yaxşı oğlan idi, çox sadə, həmişə xoşbəxt, Allahından razı, şən bir insan... O, dostlarını əyləndirmək üçün hər cür obraza, dona girir, məzhəkə düzəldirdi. 1951-ci ildə həyat yoldaşım vəfat edəndən sonra mən ailəni təkbaşına saxlamaq məcburiyyətində qaldım, dərzi idim, bütün günü işləyərdim, uşaqlarımla məşğul olmağa demək olar ki, vaxtım qalmırdı. Adriano gündüz dərsə gedərdi, dərsdən sonra isə mən onu yaxındakı məhəllə kilsəsinə rahibin yanına göndərirdim ki, avaralıq etməsin. Kilsədə gənclər klubu var idi. Orada Adriano dostları ilə əylənərdi, həm də təhlükəsiz yer idi. Bilirdim ki, uşağım rahat yerdədir. Bəzən gecə saat 10-11-ə kimi işləməli olurdum, rahibdən xahiş edirdim ki, mən işdən qayıdana qədər Adriano kilsədə olsun. Gecəyarısı işdən qayıdanda Adrianonu da evə götürürdüm. Həmişə məni bir fikir narahat edirdi ki, görəsən bu uşaq həyatda necə yaşayacaq? Dərs oxumaqdan xoşu gəlmirdi. Məktəbə ancaq dostlarını görmək üçün gedirdi. O sinifdə də özünü, indi televiziyada apardığı kimi aparırdı. Müəllimi ona “Çelentano, çıx lövhəyə” deyəndə, ətrafına baxıb “kim, mən?” cavabını verirdi. “Mən kiməm?” deyib ətrafına baxaraq, sinifdə gülüş yaradırdı. Tamaşa qururdu”.

Kilsədə də dinc oturmurdu. Keşişlər deyirdi ki, Adriano onları qıcıqlandırır, yanındakı dostları üçün keşiş səhnələri quraraq, din xadimlərini parodiya edir və bu da ətrafda gülüş yaradırdı. Əslində onun bu oyunlarını mən alqışlamırdım, fikirləşirdim ki, məhzəkəçilik etməklə uzağa getmək olmaz, bu dolğun həyat tərzi deyil. Gərək özünə bir məşğuliyyət tapaydı. Məktəbi atandan sonra, onu işləməyə göndərdim. Beləcə gündə bir yer dəyişməyə başladı, hər yerdə özünün oyunlarını göstərib, ətrafdakıları güldürməklə məşğul idi. Ağlına gələni danışır, parodiyalar edirdi. Mən isə məyus olurdum. Bir gün isə oxuyub və gitarada çalmağa başladı. İndi də dostlarını evdə başına toplayıb, çalıb-oxuyurdular, gecələr də dostları ilə gəzməyə gedirdi. Elə bilirdim ki, barlar və restoranlarada artist olacaq. Bununla da özünü məhv edib, səhlənkar və alçaq birinə çevriləcək. Qorxurdum ki, Adriano günlərin birində mərifətsiz adam olacaq. Və hər gecə onu döyər, danlayardım. Dostları ilə gedəndə də, qayıdanda da gününü qara əskiyə bükürdüm. O zamanlar bir məşhur rəqqas var idi. Dossena, o indi həyatda yoxdur. Hərdən Adrianonun dalınca gəlirdi. Bir neçə dəfə də onu evdən qovmuşdum. Çünki Adrianonu pul qazanmaq üçün Taverna Messicanaya o aparmışdı. Bir dəfə isə Adriano evə 1000 lirə kağız pul gətirdi, mənə uzatdı, pulları alıb sifətinə çırpdım. Belə çirkin yolla qazanılmış pulları götürə bilməzdim. Elə bilirdim ki, bu əxlaqsızlıqla qazanılmış pullardır. Mənim üçün barda oynamaq əxlaqsızlıq əlaməti idi. Onda Adriano yazıq məndən çox incidi. Doğru deyirəm, mən oğlumun gələcəyi üçün çox qorxurdum, fikirləşirdim ki, məhv olacaq. Yalnız Palazzo del ghiaccio-da (Plazza del Çikaqo) keçirilən rok-n-rol festivalında müvəfəqqiyyət qazanandan sonra, oğlum mənim tənələrimdən qurtardı. Həmin festivala 39 dərəcə istiliklə getdi. Mən də yanında idim, özümlə dərmanlar, termometr də götürmüşdüm. Onu 39 dərəcə qızdırma içərisində səhnədə görmək məni çox kövrəltdi. Və oğlumun seçdiyi yolla barışmalı oldum, fikirləşdim ki, müvəffəqiyyət qazanmasa belə, daha mane olmayacağam”.
Uğur Çelentano ilə birgə addımlayırdı. 19 dekabr 1961-ci ildə növbəti San-Remo festivalında “24 min öpüş” mahnısına görə ikinci mükafata layiq görüldü. Bundan sonra özünün səsyazan studiyasını açdı. Onun aktyorluq karyerası da buradan başladı. Məşhur italyan rejissoru Felininin “Dolce vita” filmində epizodik rola dəvət aldı. 1963-cü ildə isə “Hansısa qəribə tip” filmində gələcək həyat yoldaşı olacaq məşhur kino ulduzu Klaudio Mori ilə çəkildi. 1964-cü ildə Klaudio Mori və Adriano Çelentano evləndilər. Xoşbəxt evlilikdən ailədə iki qız – Rozitto, Rozalinda və bir oğlan - Cakomo dünyaya gəldi.

1966-cı ildə bir çox tənqidçilər Çelentanonun yaradıcılığını tənqid etməyə başladılar. Elə həmin il o, San- Remoya gedərək, orada “Qlyuk küçəsindəki oğlan” adlı məşhur mahnısını təqdim etdi. Mahnı böyük maraqla qarşılandı. Hitə çevrildi. Mahnının qramafon valları və kassetləri ildırım sürətilə böyük tirajla satıldı. Tənqidçilər və musiqisevərlər mahnını böyük coşqu ilə qarşıladılar. Bu mahnı 22 dilə tərcümə olunaraq, oxunur və 4 ay müddətində İtalyan hitparadlarına birincilik edirdi. Çelentano tərəfindən yazılan ilk sosial və siyasi yüklü bu mahnı bütün dünyanı gəzdi.
İllər keçdikcə, onun mahnıları daha da ciddiləşməyə başladı. Çelentano müsahibələrinin birində deyib: “Artistin ən böyük borcu ədalətsizliyə qarşı səsini qaldırmaqdır”.
Musiqi fəaliyyəti ilə birgə Çelentano həm də kinemotoqrafiya ilə məşğul olur. Ötən əsrin 70-ci illərində o həm filmlər çəkir, həm də filimlərə çəkilir.

Anası Cudittonun müsahaibəsindən: “Bizim həyatımız tamam dəyişdi. Buna görə biz Adrianoya borclu idik. Mənim xarici görkəmim də dəyişdi. Mən əvvəllər heç yerə getmirdim., indi isə səyahətlərə getmək imkanım var idi. Cürbəcür maşınlara minir, təyyarələrlə uçurdum. Oğlum hara gedirdisə, mən orada idim. O, məni hər yerə aparırdı. Özü də ki, mən heç vaxt ondan xahiş etmirdim ki, məni harasa aparsın. Bu onun öz istəyidir. Biz Almaniyaya getdik. Monaco di Bavierada konserti var idi. Oğlum məndən soruşdu ki, təyyarədə uçmaqdan qorxmuram ki? Dedim: “Yox. Nədən qorxmalıyam”. Ancaq o qorxurdu. Təyyarədən də, gəmidən də qorxurdu. Bu minik növlərindən əlacsızlıqdan istifadə edirdi.
Bir neçə aydan sonra Amerikaya getməlidir. Onu amerikalı müğənni Frenk Sinatra dəvət edib. O çox həyəcanlanır ki, okeanın üstündən necə uçacaq. Ancaq gedəcək. Yəqin ki, məni də özü ilə aparacaq.
Bilirsiniz, indi fikirləşirəm ki, yaxşı ki, saatsaz olmadı. Əgər o, saatsaz olsaydı, indi bugünkü qədər gözəl hadisələr baş verməzdi. Oğlumun çox dostları var idi, o, dostlarına həmişə bağlı olub. Hətta məşhur olanda belə, onlardan imtina etmədi. Və beləliklə “Çelentano klanı” yarandı. Ona görə ki, Adriano öz dostları ilə birlikdə yaşamağı, sevinməyi davam etdirirdi, konsertlərdən sonra mütləq onların yığışdığı yerə gedir, onlarla əylənir, gülüb-danışırdılar. Maşın mexaniki işləyən dostları ilə məşhur müğənni Çelentanonu nə bağlayırdı?! Buna görə o, bütün dostları üçün “klan” yaradıb, onların hərəsini bildikləri bir işlə təmin etdi. Lakin onların içərisində gözü götürməyən, uğuruna sevinməyənlər də oldu, bu, Çelentanoya çox pis təsir etdi. Əsl dostlar isə yanında qaldılar.
Bilirsiniz, Adriano çox səxavətli və əliaçıqdır, o həmişə belə olub. Onun pula heç vaxt hərisliyi olmayıb. Əgər küçədə kimsə onu saxlayıb, pul istəyirsə, düşünmədən, əlini cibinə salır. Elə vaxtlar olub ki, qapısında insanlar pul almaq üçün növbəyə dayanıblar. Belə adamlardan biri xüsusi ilə yadımda qalıb. O, naməlum adam hər ayın axırı maaş alırmış kimi qapımıza gəlirdi, gah deyirdi ki, gözlərini müalicə etdirməlidir, gah deyirdi anası xəstədir, gah deyirdi Siciliyada zəlzələdə qohumları ziyan çəkib, onlara yardım etməlidir... Sən demə bunların hamısı pul qopartmaq üçün uydurma idi. Adriano isə həmişə pulqabısı əlində qapıya hazır çıxırdı. Bir dəfə bu hiyləgərin yalanını tutdu və bildi ki, bu gənc oğlan ondan sui-istifadə edir, onu qapıdan qovdu.
Adriano hər ətək dalınca da qaçan deyil. Lakin onu qadınsız, ailəsiz və uşaqsız təsəvvür edə bilmirəm. O bunlarsız yaşaya bilməz. Uşaqlar onu, o uşaqları sevir. Evdə onu hamı kimi Çelentano çağırırlar. “Ata” demirlər. Bu yaxınlarda anlamağa başlayıblar ki, diskləri oxunan, televiziyada göstərilən bunların atasıdır.
Bir də ki, onun geyimlərini heç vaxt bəyənmirəm. Mən dərziyəm və paltardan başım çıxır. O çox ekstravaqant geyinir: ağ və qəhvəyi çəkmələr, ikirəngli şalvar, narıncı köynək, pencək - ilk dəfə baxanda adamın əti ürpənir. Başa düşürəm, o artistdir, artist gərək səhnələr yaratsın. Bu onun zövqüdür, görünür özünü göstərmək istəyir. İndi Amerika filmlərindən çox danışırlar, qanqsterləri göstərirlər, nə bilim , biri var eeee... Bonni Klayd. Adriano 5-6 il əvvəl onun indi geyindiklərini geyinirdi. İndi paltarlarının şəklini özü çəkir. O dərzi yazıq olur ki, Adrianonun düşündüyü kimi paltarlar tikir. Yooooxxx... Bizim, paltarlar haqqında fikirlərimiz heç vaxt üst-üstə düşmür. Mən onu hər zaman smokinqdə, səliqəli görmək istəyirəm. Köynək, qalstuk, normal klassik pencək. O isə, yox ki, yox! Yalnız kinolardakı qanqstersayağı geyimləri bəyənir.
İndi neyləyəsən ki, xasiyyəti belədir də. Bəxti gətirmiş sadə və dəcəl oğlandır. İndi o öz yolu ilə rahat gedə bilər. Daha narahatçılığım yoxdur. Düşünürəm ki, daha yolunda risklər olmayacaq. Doğrudur, o bütün qazandıqlarını bir günün içərisində hər hansı bir iş üçün də xərcləyə bilir. Lakin onu bilirəm ki, bu günə qədər işləri yaxşı gedib. O, bütün işlərində dərrakəli və mühakimə edərək addımlar atır. Özünün ilk səsyazma studiyasını açanda da mən razılıq vermirdim. Deyirdim ki, axırda düzdə qalacaqsan. Lakin öz dediyini elədi və istəyinə nail oldu. O nə zaman risk eləmək lazım olduğunu yaxşı bilir” (1968-ci il).

Uğur hər zaman Çelentanonun yol yoldaşı olub. Nəyə başlasa, müvəffəqiyyət qazanıb və gəlir əldə edib.
Bir çox işlərdə Çelentano birinci olub:
1. Dünyada ilk dəfə italyan dilində rok-n-rol yazıb və ifa edib.
2. Dünyada ilk dəfə rep stilində mahnı yazıb.
3. Dünyada ilk dəfə özünün səsyazma studiyası yaradıb.
4. Dünyada ilk dəfə siyasi və sosial problemlərdən bəhs edən kəskin mahnılar oxuyub.
5. İtaliyada ilk dədə videoklip çəkib.
6. İlk səhnə artistidir ki, 2 dəfə dövlətin keçirdiyi seçkiləri pozub.
7. İlk şoumendir ki, ölkənin fəaliyyətdə olan baş nazirinə qarşı çıxaraq, dövlətin öz kanalında tənqid edib.
8. Çox az artistlərdəndir ki, həyat yoldaşı ilə 50 ildən çoxdur eyni nikahdadırlar.
90-cı illərdən başlayaraq, Çelentano ancaq musiqi ilə məşğul olur, filimlərdə çəkilməkdən imtina edir. O, istedadlı müəllifləri studiyasına dəvət edərək, 2001-ci ildə platindən hazırlanan "Esco di rado e parlo ancora meno" diksini buraxıb. Bu diskdəki mahnılar da cəmiyyətdə bomba kimi partlayıb. Bu diski ilə qazanılan məşhurluğunun bir hissəsi bəstəkar Danni Bellanın payına düşür.

2012-ci ildə xeyli fasilədən sonra Çelentano "Facciamo Finta Che Sia Vero" (“Gəlin elə bilək ki, bunlar hamısı doğrudur”) adlı musiqi albomu buraxıb. Bu həmin illər idi ki, İtaliya böyük krizis içərisində idi və uzun illərdən sonra Çelentano xalqı üçün konsert verməyi qərara aldı. 6000 nəfərlik amfiteatrda keçiriləcək konsertin biletin qiymətini isə 1 avro dəyərində edir ki, ölkəsinin ağır zamanlarında hər kəs ailəsi ilə gəlib konsertdə dincələ bilsin. Beləliklə xalqı və ölkəsi üçün ağır olan vaxtlarda o insanlarda ruh yüksəkliyi yaratmaq üçün belə bir addım atır.
Yaradıcılığı dövründə Adriano Çelentano 70 milliyon tirajla 30-dan artıq albom buraxıb və 40 filmdə çəkilib. Bütün bunlara baxmayaraq, ailə onun üçün birinci yerdədir. O, Milanın 100 kilometrliyində yerləşən, Briants şəhərindəki villasında yaşayır. Boş vaxtlarında saat təmiri ilə məşğul olur. Onun həyətində hovuzu, yaşıl çəmənlikləri, tennis, futbol meydanı, at tövləsi, səsyazma studiyası var... həyətin ortasında Klaudionun dəmir-betondan hazırlanmış gözəl heykəli yerləşdirilmiş fontanı var. Həyat yoldaşı Klaudio Morinin əsas işi evinə sahibəlik etmək və ərinin ilham pərisi olmaqdır. Adriano da bütün bu illər ərzində ona sevgisini əsirgəməyib, ən sonuncu hədiyyəsi “Dünyada ən gözəl cütlük” adlı mahnısı olub. Klaudio isə öz növbəsində evin xanımı kimi Çelentano üçün sevdiyi yeməkləri hazırlayır: zəfəranlı tısbağa şorbası, tryufelli omlet və böyürtkən kremi.




Tərcümə etdi:
Aida Eyvazlı,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü