Modern.az

Bugünkü Azərbaycan Heydər Əliyev siyasi irsinin ləyaqət rəmzidir 

Bugünkü Azərbaycan Heydər Əliyev siyasi irsinin ləyaqət rəmzidir 

Parlament

Bu gün, 15:44

Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümü ilə bağlı Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında etdiyi bu paylaşım həm də müasir  Azərbaycan gerçəkliyinin təsbitidir: “Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı. Əminəm ki, Onun ruhu şaddır, çünki bugünkü Azərbaycan Onun əsəridir”.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndərin 103-cü ildönümünü işğaldan azad olunmuş Şərqi Zəngəzurda açılış və yeni təməlqoyma mərasimlərində şəxsi iştirakları ilə qeyd etdilər. Yalnız fiziki miqyası ilə deyil, ilk növbədə, dövlətimizin mənəvi dəyərlər seçiminə bağlılığını ifadə edən bu layihələrin hər biri Ulu Öndərin 1993-cü il 15 iyundan başlayan Xilaskarlıq missiyasının gətirib çıxardığı qalib  Azərbaycan gerçəkliyidir! Cəbrayıl rayonunun Şükürbəyli kəndində və Zəngilan şəhərində inşa olunmuş yeni yaşayış komplekslərindəki mənzillərin keçmiş məcburi köçkünlərə təqdimat mərasimləri Azərbaycan Prezidentinin quruculuq seçiminin və Dövlətimizin qüdrətinin əyani təsdiqidir.

Qarabağda və Şərqi Zəngəzurda aparılan irimiqyaslı bərpa və quruculuq işləri həm də onun sübutudur ki, işğal dövründə Ermənistan tərəfindən törədilən vandallıq aktlarının və dağıntıların miqyasına baxmayaraq, Azərbaycan heç kimdən kömək ummadan, bu böyük layihələri öz gücünə icra etmək qüdrətindədir. Bir çoxlarına örnək ola biləcək bu işlərin arxasında ölkəmizin iqtisadi potensialı ilə yanaşı, qalib Liderin sülhü təşviq edən quruculuq amalı, öz vətəndaşlarının dədə-baba torpaqlarında layiqli yaşayışını təmin etmək kimi əqidə ucalığı dayanır!

1519180

İndiki və gələcək nəsillər heç vaxt unutmamalıdır ki, Ulu Öndər Heydər Əliyevin Xilaskarlıq missiyasından başlayan və qalib Azərbaycan gerçəkliyinə gətirib çıxaran bu mübarizə yolunda hansı böyük güclərin davamlı təzyiqi, maneəsi və çirkin qarayaxma kampaniyası ilə üzləşməli olmuşuq. Yalnız sarsılmaz iradə və əyilməz mübarizə əzmi, xalqımızın birliyi və öz Liderinə tərəddüdsüz inamı, Ordumuzun və Azərbaycan gəncliyinin hər cür fədakarlığa hazır olması bədxahlarımızın çoxəsrlik məkrli planını iflasa uğratdı. Bu gerçəklik bir çoxlarında, hətta əzəli düşmən və bədxahlarımızda bu gün paxıllıq, bəzən isə qibtə hissi doğurur. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa, uzun ömür versin.

Son iki əsrlik tariximizin ən böyük Zəfərini, müstəqil və qüdrətli Azərbaycan reallığını qorumaq və onu əbədi etmək üçün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Zəngilanda səsləndirdiyi açıqlamaların arxasında dayanan həqiqətləri də heç vaxt unutmamalıyıq: “44 gün ərzində dəfələrlə bizə təzyiqlər göstərilirdi. O ölkələr sıradan olan ölkələr deyil-onlar nüvə dövlətləridir, onlar BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Görün, biz kimlərlə üz-üzə qalmışdıq. Hər biri bu işğalı əbədi etmək, bundan bir alət kimi istifadə etmək və nəticə etibarilə Azərbaycan xalqına rahat nəfəs almaq imkanı verməmək üçün dəridən-qabıqdan çıxırdı. Təkcə onlar deyil, başqa ölkələr də bizim qələbəmizi istəmirdilər... Azərbaycan xalqı erməni xalqına heç bir pislik etməmişdir. Onların bizə olan nifrətinin səbəblərini yəqin ki, psixiatrlar, psixoloqlar, həkimlər araşdırmalıdırlar. Nə qədər ki, Ermənistan cəmiyyətində Azərbaycana qarşı nifrət hissi ilə yaşayan siyasi qüvvələr var, bir o qədər də biz ayıq olmalıyıq”.

Ümummilli Lider Heydər Əliyev müdrik kəlamlarından birində qeyd edirdi ki, “Tarix həmişə hər şeyi öz yerinə qoyur”. Bugünkü qalib və qüdrətli Azərbaycan gerçəkliyi Ulu Öndərin bu ibrətamiz nəsihətində də nə qədər haqlı və uzaqgörən olduğunu əyani şəkildə təsdiq edir. Müasir Azərbaycan Heydər Əliyev siyasi irsinin ləyaqət rəmzidir!

Ülvi Quliyev,
Milli Məclisin deputatı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV