Prezident İlham Əliyevin sərəncamı ilə bir şəhər, iki rayona icra başçısı təyin edilib. İcra başçısı təyin olunan raynlardan biri də Qaradağdır. Belə ki, Prezidentin sərəncamı ilə Natiq Əliyev Qaradağ rayonunun rəhbərliyinə gətirilib.
Qaradağın deputatı Aydın Hüseynov yeni təyinatla bağlı fikirlərini Modern.az-la bölüşüb:
“Yeni təyin olunan icra başçısə Natiq Əliyev uzun müddət Prezident Administrasiyasında işləyib. Bu, çox böyük təcrübə deməkdir. Digər tərəfdən, onu da nəzərə almaq lazımdır ki, yeni başçı həm də yüksək təhsil alıb. Qaradağ rayonu da böyük bir rayondur. Qaradağ rayonunda ölkə iqtisadiyyatı və dünya əhəmiyyətli çox böyük müəssisələr fəaliyyət göstərir. Qaradağ rayonu ərazi cəhətdən, deyilənə görə, Bakının ən böyük rayonudur. Bu baxımdan da Qaradağ rayonunda daha böyük layihələrin reallaşacağı bir həqiqətdir. Natiq müəllimin həm təcrübəsi, həm Prezident Administrasiyasındakı fəaliyyəti, digər tərəfdən təhsili və elmi dərəcəsinin olması tam əminlik yaradır ki, cənab Prezidentin etimadını doğruldacaq. Eyni zamanda, Qaradağ rayonu məlumdur ki, cənab Prezidentimizin adı ilə bağlı rayondur. Çünki cənab Prezident vaxtilə bu rayondan millət vəkili seçilib. Qaradağ dövlətə, dövlətçiliyə, digər rayonlarımız kimi, bağlı insanların yaşadığı, fəaliyyət göstərdiyi bir rayondur”.
Deputat yeni icra başçısı ilə görüşəcəyini və həmin görüşdə rayon sakinlərini narahat edən məsələlərin müzakirə olunacağını da qeyd edib:
“Əlbəttə, görüşəcəyik. Eyni zamanda, məlumdur ki, uzun illərdir Qaradağ rayonunda fəaliyyət göstərirəm, 40 ilə yaxındır ki, bu rayonla bağlıyam. Yeni Azərbaycan Partiyasının uzun illər rayon təşkilatının sədri olmuşam, V və VI çağırışlarda Qaradağ rayonunu parlamentdə təmsil edirəm. Əhalinin, insanların istəkləri mənə çox bəllidir. Digər tərəfdən, əlbəttə, rayonun müəyyən problemləri də mövcuddur, görüləsi işlər də var, təkliflər də var. Bütün bunlarla bağlı, əlbəttə, hesab edirəm ki, fikir mübadiləsi aparacağıq”.
A.Hüseynov vurğulayıb ki, Qaradağ rayonunun 11 qəsəbəsinin hər birinin özünəməxsus problemləri və həlli vacib məsələləri var:
“Deputatın deyəcəyi sözlər vətəndaşların, seçicilərin, əhalinin ünvanladığı məsələlərdir. Burada müxtəlif istiqamətlərdə məsələlər var. 11 qəsəbə var, bu 11 qəsəbənin 9-nu mən təmsil edirəm. Hər bir qəsəbənin özünün spesifik görüləsi işləri də var və yaxud görülməsi ən vacib işləri də var. Sadəcə olaraq qeyd edək ki, rayonun böyük potensialı var. Bu istiqamətdə də digər tərəfdən dövlət proqramları, bu dövlət proqramlarının icrası ilə bağlı məsələlər var. Hesab edirəm ki, yeni başçının özü də təhlillər aparacaq, öz təcrübəsi ilə müəyyən məsələlərin həllinə nail olacaq”.