1441-ci ilə - erməni dini kafedrası İrəvan yaxınlığındakı Üçkilsə ərazisinə köçürülənə qədər bugünkü haylar bu coğrafiyada məskun olmayıblar və yaşamayıblar.
Modern.az xəbər verir ki, bu barədə Beynəlxalq Qaçqınlar Gününə həsr olunmuş Qərbi Azərbaycana qayıdış: Tarixi Ədalətin Bərpası və İnsan Hüquqları adlı tədbirdə çıxışı zamanı deputat, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli bildirib.
O, qeyd edib ki, ermənilərin bu ərazilərə kütləvi köçürülməsi isə XIX əsrin birinci rübündən sonra başlayıb:
"Elə o vaxtdan da Qərbi Azərbaycan ərazisində soydaşlarımızın etnik təmizləməsi start götürüb. Qərbi Azərbaycanda yerli xalq olan azərbaycanlıların oradan qovulması dövlət orqanlarının zorakılıq tətbiq etmək, kütləvi qırğınlar, insanlığa qarşı digər cinayətlər törətmək və insan hüquqlarının kobud şəkildə pozulması kimi sistemli səyləri ilə xarakterizə olunan uzun və ağrılı proses olub. Bu zorakı proses tarix boyu təkrarlanmaqla, xüsusən 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə amansız şəkil almışdır. Nəticədə bu gün Ermənistanda bir nəfər də olsun azərbaycanlı yaşamır".