Azərbaycanda fəaliyyət göstərən bir qrup hərbi yönümlü qeyri-hökumət təşkilatı Ermənistan Silahlı Qüvvələrinin Ağdamın işğal altında olan Şıxlar kəndi istiqamətində atəşkəsi pozması nəticəsində Orta Qərvənd kənd sakini 9 yaşlı Fariz Arif oğlu Bədəlovun qətlə yetirilməsi ilə bağlı bəyanat yayıb.
Bəyanatda, baş verən bu hadisənin böyük faciə olduğu və bu qətlə münasibətdə bütün Azərbaycan xalqının və sülhsevər bəşəriyyətin həmrəy olmasının zəruriliyi vurğulanıb. Daha sonra bəyanatda qeyd edilir: “Azyaşlı uşağın snayper gülləsi ilə vurulması onun təsadüfən deyil, məhz elə hədəf seçilərək öldürüldüyünü göstərir. Bu hadisə Ermənistanın yürütdüyü terrorçuluq siyasətinin və fəaliyyətinin bariz nümunəsidir. Azərbaycan və Ermənistan prezidentlərinin Soçidə keçirilən görüşü ərəfəsində bu hadisənin törədilməsi ermənilərin terrorçuluq və işğalçılıq siyasətini sərgiləməklə yanaşı, münaqişənin həllini uzatmaqda maraqlı olmasını göstərir. Bir qrup hərbi yönümlü qeyri-hökumət təşkilatı olaraq, bu qətliamı pisləyir, Ermənistan Silahlı Qüvəlirinin cəbhəyanı ərazilərdə dinc soydaşlarımızı, xüsusilə də uşaqları hədəf almasını insanlığa və müharibə qaydalarına, beynəlxalq konvensiyalara zidd olduğunu xatırladaraq, dünya ictimaiyyətini bu hadisəyə, eləcə də erməni vandalizminə qarşı lazımi qiymət verməyə çağırırıq. Habelə hesab edirik ki, BMT, Avropa Şurası, eləcə də münaqişənin həllinə vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədrləri bu qətliama obyektiv münasibət bildirməlidirlər”.
Bəyanatda erməni quldur dəstələrinin tarix boyu belə hərəkətlərə yol verdiyi diqqətə çatdırılaraq, bütün qeyri-hökmət təşkilatları Ermənistanın bu təcavüzünü pisləyən bəyanatlara qoşulmağa çağrılıb. Həmçinin, erməni vəhşiliyinin diplomatik nümayəndəliklərə çatdırılması istiqamətində addımlar atmağın zəruri olduğunu diqqətə çatdırıb.
Müraciəti aşağıdakı QHT-lər imzalayıblar: 1. Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi
2. Azərbaycan Respublikası Silahlı Qüvvələri Ehtiyatda olan Zabitlər Konfederasiyası
3. Azərbaycan Respublikası Qarabağ Müharibəsi, Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyi
4. Azərbaycan Respublikası Vətən Müharibəsi Veteranları İctimai Birliyi
5. Çernobl Əlilləri Cəmiyyəti; Azərbaycan Çernobl Əlilləri İttifaqı
6. Azərbaycan Respublikası Əfqanıstan Veteranları İctimai Birliyi
7. Milli Qəhrəmanları Tanıtım İctimai Birliyi
8. “Əsgər Anaları” Şurası
9. Qarabağ Əlilləri və Veteranları Cəmiyyəti
10.Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu
11.Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyi
12.“Əsgər Ailəsi” Cəmiyyəti
13.Azərbaycan Respublikası “20 Yanvar Cəmiyyəti”
14. Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı
15.Dünya Gənc Türk Yazarlar Birliyi
16. Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı
Modern.az