Modern.az

Vətəndaşları aldadan tikinti şirkəti barədə cinayət işi açılıb

Vətəndaşları aldadan tikinti şirkəti barədə cinayət işi açılıb

Təhsil

10 İyul 2012, 18:55

“Şərq-M” Mənzil-tikinti kooperativinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanılıb. Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, "Şərq-M" Mənzil-tikinti kooperativinin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə yolu ilə vətəndaşların aldadılması barədə Bakı Apellyasiya Məhkəməsinin qərardadı əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırma aparılıb.

Müəyyən edilib ki, Bakı şəhər sakini Fuad Əzizov 2007-ci ildə alqı-satqı müqaviləsi əsasında "Şərq-M" Mənzil-tikinti kooperativinin Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, 204 saylı ünvanda inşa edilmiş  12 mərtəbəli yaşayış binasında üç mənzil alaraq kooperativə ümumilikdə 111 min 900 manat  məbləğində vəsait ödəyib. MTK-nın sədri Fərhad Quliyev və kooperativin digər vəzifəli şəxsləri qulluq mövqelərindən sui-istifadə edərək həmin mənzilləri müxtəlif tarixlərdə bağlanmış alqı-satqı müqavilələri əsasında ayrı-ayrı şəxslərə sataraq külli miqdarda özgə əmlakını ələ keçiriblər.

Fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və  313-cü (vəzifə saxtakarlığı) maddələri ilə  cinayət işi başlanıbdır.

Hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində iş üzrə istintaq davam etdirilməklə "Şərq-M" MTK-nın vəzifəli şəxsləri tərəfindən yol verilmiş qanun pozuntularının aradan qaldırılması və vətəndaşlara dəymiş ziyanın ödətdirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı