Ağ Ev azərbaycanlıların Dağlıq Qarabağın işğalı və Xocalı soyqırımı ilə bağlı imzaladığı petisiyalara cavab verib. Cavab petisiyaları imzalayanların hamısına göndərilib. Cavab məktubunda deyilir ki, Barak Obama petisiyada qeyd olunan məsələ ilə bağlı rəsmi açıqlama ilə çıxış etməyəcək. Modern.az bununla bağlı politoloq Elxan Şahinoğludan münasibət öyrənib.
Onun sözlərinə görə Azərbaycan pessimizmə qapılmamalı, bu istiqamətdə işləri daha da genişləndirməlidir. “Təbii ki, ABŞ-ın məsələyə bu cür laqeyd münasibətinə yanaşmam mənfidir. 100 min imza toplanıb, buna reaksiya vermək lazım idi. Mən sosial şəbəkələri və mətbuatı izləyirəm. Bəziləri Barak Obamanı tənqid edir. Başqları ABŞ-a etirazını bildirir. Bu təbiidir. Etirazlarımızı dilə gətirməliyik. Ancaq bu işdən soyumamalıyıq. Ermənilər yüz ildir bu təbliğatla məşğuldur. 50 ildən sonra istəklərinə yavaş-yavaş nail olmağa başladılar. 60-cı illərdə Uruqvay parlamenti ilk olaraq “Erməni soyqırımı”nı tanıdı”.
Ölkəmizin belə təbliğaı son 5-10 ildə aparmağa başladığını deyən politoloq bildirib ki, artıq müəyyən nəticələrimiz də göz qabağındadır.
“Pakistan, Meksika və Kolumbiya parlamentləri Xocalı soyqırımını tanıyıb. ABŞ bu məsələyə diqqət vetirmədi deyə, geri çəkilməməliyik. Gələn il bir az daha güclü təşkilati işlər qurmalıyıq. Yəni bunu davamlı şəkildə etməliyik”-deyə vurğulayıb.
Aqşin Kərimov