Modern.az

3 yaşlı “Qafqazinfo”nun redaktoru: “Ən böyük uğur elə budur”

3 yaşlı “Qafqazinfo”nun redaktoru: “Ən böyük uğur elə budur”

Təhsil

16 Avqust 2013, 12:59


“Biz Elbrus Ərudla “Qafqazinfo”-nun yaradılması barədə düşünəndə fərqli bir sayt yaratmağı qarşımıza məqsəd qoyduq və düşünürəm ki, buna nail ola bildik”. Bu sözləri Modern.az-a açıqlamasında “Qafqazinfo”-nun yaradılmasının 3 illiyi ilə bağlı saytın redaktoru Elnur Məmmədli deyib. O, qeyd edib ki, həm xəbər, həm də şərh məsələsində kifayət qədər uğurlu taktika seçə biliblər. “Sayt geniş oxucu kütləsinə hesablanmışdı və buna görə də oxucularımızın əksər irad və təkliflərini nəzərə aldıq. Digər tərəfdən, sayt fəaliyyətə başlayanda gurultulu imzaları deyil, mediaya yeni gəlmiş, imzası tanınmayan, ali məktəbi yeni bitirmiş gəncləri əməkdaşlığa cəlb etməyi üstün tutduq. İndi saytımız ölkədəki ən populyar xəbər portallarından biridir. Düşünürəm ki, bunun əsas səbəblərindən biri də məhz gənclərə, yeni nəfəsə üstünlük verməyimiz oldu. Biz elə bu templə də davam etməyi düşünürük”.

E. Məmmədli qeyd edib ki, bu zaman zərfində onlar minimal maliyyə imkanları ilə çoxlarının əldə edə bilmədiyini əldə edə biliblər. “Gündəlik 80 min oxucu qazanmışıq. Ən böyük uğur elə budur. Etibarlı tərəfdaşlar, böyük təcrübə və xeyli gənc jurnalist qazandıq. “Qafqazinfo” daha güclü işləsəydi, Azərbaycandakı bütün internet istifadəçilərinin hər gün tıqladığı sayt ola bilərdi. Görünür hələ hamının damarını tutan, diqqətini cəlb edən xəbərlər yaya bilmirik. Məncə bunun üzərində düşünməliyik ki, Azərbaycandakı hər bir İP-dən “Qafqazinfo”nu oxusunlar”.

Redaktor bundan sonrakı fəaliyyətləri haqqında da danışıb. Bu il prezident seçkiləri olacağı üçün hər hansı böyük layihələri olmayacaq. “İndi bütün gücümüzü seçkilərə yönəltmişik ki, heç bir saytdan geri qalmayaq. “Qafqazinfo”nun uğurlarından biri də ondadır ki, saytın sifəti gündəmə uyğun olaraq dəyişir. Həm də bir xəbər saytı kimi fəaliyyət göstərməyi daha üstün hesab edirik. Bizim üçün hər xəbər elə bir layihə deməkdir”.

Elnur Məmmədli kollektivlə ad günlərini sabah keçirəcəklərini deyib. “Ad günümüzü sabah qeyd edəcəyik. Kollektivimiz, bizimlə əməkdaşlıq edən kənar müəlliflər dəvət olunacaq. Balaca və xudmani bir məclis olacaq”.

Aytən ƏLİYEVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı