
“Milli Şura dağılmayacaq. Əksinə, Milli Şura daha da güclənir və inkişaf edir”. Bunu Modern.az-a açıqlamasında Milli Şuranın Dini və Milli Azlıqlarla İş üzrə komissiyasının sədri Eldəniz Quliyev deyib. O, Milli Şuradan istefalara münasibət bildirərkən qeyd edib ki, qurum söylənilən bədbin proqnozların əksinə olaraq vahid güc mərkəzinə çevrilir. Onun sözlərinə görə bu qurum təkcə demokratik qüvvələrin deyil, eyni zamanda Azərbaycan xalqının əhəmiyyətli kəsiminin birliyidir.
“Milli Şura fenomenal bir mərkəzə çevrilir. İstefalara gəlincə, burda qeyri-adi bir şey yoxdur. Çünki Milli Şura böyük bir orqanizmdir və burdan qopmalar, fikir ayrılıqlarının olması da təbii qarşılanmalıdır. Milli Şura xor fəlsəfəsindən uzaqdır. Elə kiminsə gedib və ya gəlməyi məqsədə uyğundur”-deyə komissiya sədri bildirib.
Milli Şura üzvü İslam Partiyasının ittihamlarını da cavablandırıb. “İslam Partiyasının sədri Mövsüm Səmədovun həqiqətən də Milli Şuraya üzv olmasından xəbəri yox idi. Sadəcə olaraq onun üzvlüyü təklif olunmuşdu. Milli Şura yaranarkən düşündük ki, Mövsüm Səmədov kimi insanların burda olması ancaq şərəf gətirər. Mövsüm Səmədov özü Milli Şuraya qarşı deyil. O bildirib ki, Milli Şuranın işində aktiv iştirak etmək imkanları olmadığı üçün qurumdan getmək istəyir. Biz də onun qapısı açılana qədər hələ ki, kənarda olmasını məqsədə uyğun saydıq”-deyə E.Quliyev söyləyib.
Qeyd edək ki, Milli Şuranın 24 oktyabrda keçirilən sessiyasında 9 nəfər üzvü qurumdan kənarlaşdırılıb. Siyahıya ALP lideri Lalə Şövkət, Gülnarə Qurbanova və Akif Şahbazov, sabiq AXCP-çi Asəf Quliyev, “El” Hərəkatının eks-üzvü İlham Hüseyn, ACP-çilər Zəminə Dünyamalıyeva, Solmaz Ələsgərova və İslam Partiyasından iki nəfər - Mövsüm Səmədov, Elçin Manafov daxildir. Eyni zamanda ALP sədri Əvəz Temirxan da Milli Şuradan getdiyini açıqlayıb. İslam Partiyasının sədr müavini Akif Heydərli isə özünün və həbsdə olan rəhbərinin xəbərləri olmadan Milli Şuraya üzv olunmasını dilə gətirib. Onun sözlərinə görə M.Səmədovun adından sui-istifadə olunub.
Aqşin Kərimov