Ruslan İzzətli: “Seçki saxtakarlığına qarşı mübarizə aparan istənilən qurumda mən varam”
Prezident seçkilərindən sonra Ümid Partiyasından istefa vermiş sədr müavinləri Aynur İmranova və Ruslan İzzətli gələcək planları barədə Modern.az-a danışıblar.
Siyasi fəaliyyətlə bağlı qərar verməyin tez olduğunu deyən Aynur İmranova bildirib ki, hazırda xarici ölkələrə səfər edir: “Xarici səfərlərimi yekunlaşdırdıqdan sonra yəqin ki, bu barədə qərar verəcəm. Yanvara qədər qərar verməyim gözlənilmir. Siyasi fəaliyyətimi davam etdirməyi düşünürəm. Ola bilər, hərəkat yaradım və yaxud siyasi partiyalardan mənə gələn təklifləri dəyərləndirim. Əlbəttə, qərar qəbul etmək çətindir. Azərbaycanda siyasi arenada durğunluq hökm sürür. Seçkilərdən sonra insanlarda ümidlər azalıb. Seçkilərdə çox çalışdım, amma uğursuzluq ruh düşkünlüyü yaratdı. Gələn ilin əvvəlində siyasi fəaliyyətlə bağlı qərar verəcəm”.
A.İmranova vurğulayıb ki, Milli Şuraya qoşulmayacaq: “Milli Şuranın bütün mitinqlərində iştirak etmişəm. Mən Ümid Partiyasında fəaliyyət göstərəndə də partiya mitinqlərə qoşulmasa da, bütün icazəsiz aksiyalarda iştirak etmişəm. Bu aksiyalarda iştirak etməklə vətəndaş mövqeyimi ortaya qoymuşam. Milli Şuranın da mitinqlərinə bir vətəndaş kimi seçki saxtakarlığına etiraz olaraq getmişəm. Yenə də prezident seçkilərinin saxtalaşdırılması ilə bağlı bütün tədbirlərdə iştirak etməyi düşünürəm. Amma Milli Şuraya qoşulmaqla bağlı düşünmürəm”.
Partiyadan istefa verən digər müavin Ruslan İzzətli isə siyasi fəaliyyətlə bağlı qərarı yaxın günlərdə açıqlayacağını deyib: “Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qərargahında gənclərlə görüş olacaq. Burada istefamın səbəbləri və bundan sonra hansı siyasi quruma qoşulmaqla bağlı qərarımı açıqlayacam. Hazırda isə regionlara səfərlərim olur. Bölgələrdə gənclərlə görüşlər keçirirəm. Milli Şura məsələsinə gəldikdə isə deyə bilərəm ki, seçki saxtakarlığına qarşı mübarizə aparan istənilən qurumda mən varam”.
İlkin PİRƏLİ