Ölkənin tanınmış ziyalı elitasının cəmləşdiyi Ziyalılar Forumu iqtidar-müxalifət dialoqunun aparılmasını istəyir. Modern.az-a açıqlamasında Ziyalılar Forumunun üzvü Eldəniz Quliyevin sözlərinə görə, qurum bu məsələ ilə bağlı müzakirələrə hazırdır.
“Dialoq ilk növbədə ikitərəfli ünsiyyətdir. Danışıqlar hakimiyyətlə ona müxalif olan demokratik düşərgə arasında aparılmalıdır”-deyə E.Quliyev vurğulayıb.
O, dialoqun YAP-la aparılamsı təklifinə etiraz edib. “Dialoq YAP-la müxalifət partiyaları arasında deyil, dövlət başçısı ilə müxalif qüvvələrin danışığı formatında baş tutmalıdır. Bundan sonra kifayət qədər problemlər var ki, onu müzakirə etmək olar”,–deyə E.Quliyev söyləyib.
E.Quliyev Ziyalılar Forumunda müzakirə ediləcək yenui mövzlarla bağlı müzakirələrin getdiyini açıqlayıb. “Ziyalılar Forumunda yeni ideyalar müzakirə olunur. Biz ancaq vacib problemləri qabardırıq”-deyən Eldəniz Quiyevin sözlərinə görə bu ideyalar Azərbaycan cəmiyyətinə xeyirli məqamları özündə əks etdirir.
Azərbaycan Ziyalılar Forumu 2009-cu ildə yaradılıb. Forumun əsas yaradıcıları yazıçı Rüstəm İbrahimbəyov, şair Ramiz Rövşən, alimlər Cəmil Həsənli, Rafiq Əliyev, politoloq Eldar Namazovdur. Azərbaycan Ziyalılar Forumunun əsas məqsədi ölkədə ictimai rəyin formalaşması və qərar qəbul etmə prosesinə təsiri artırmaq üçün ziyalıları toparlamaq, ölkənin sabit və davamlı inkişafı üçün zəruri olan mütərəqqi islahatların hazırlanıb həyata keçirilməsində vətəndaş cəmiyyətinin rolunu artırmaqdır.
Aqşin Kərimov