
“Mən sizdən eşitdim ki, Arif Quliyev xəstədir. Bir neçə gün bundan qabaq onunla tədbirdə görüşdük. Çox yaxşı, gümrah vəziyyətdə idi. İkincisi, o bizim teatrda çalışmır. Son vaxtlar Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb. Ora müraciət edin”. Bunu Modern.az-a açıqlamasında İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev deyib.
Azərbaycan Dövlət Musiqili Komediya Teatrının mətbuat xidmətinin rəhbəri Vəfa Mühacirova isə bildirib ki, Arif Quliyev orada işləmir: “O, iki il əvvəl, yəni 2011-in noyabrından öz xahişi ilə işdən çıxıb”.
Qeyd edək ki, Arif Quliyev səhhətindəki problemlər ucbatından il yarımdır işləmədiyini bildirib: “Şükür Allaha, özümü yaxşı hiss edirəm. Sadəcə, səhhətimdə bir az problemlər var. Beyindaxili sinirlərin tutulması problemidir. İranda bununla bağlı yüngül əməliyyat da keçirmişəm. Bir də yerişimdə problem var. Sağ ayağım bir balaca axsayır. Bu, onurğa ilə əlaqədardır. Yavaş-yavaş bu xəstəlik də inkişaf edir. Ona görə il yarımdır işləmirəm”.
A. Quliyev 1988-ci ildə əməkdar artist, 1994-cü ildə xalq artisti fəxri adlarına layiq görülüb. Prezident təqaüdçüsüdür.
Misranə Həsənzadə