Modern.az

Deputat Xocalıda əlil olanlarla bağlı Artur Rasizadəyə məktub yazıb

Deputat Xocalıda əlil olanlarla bağlı Artur Rasizadəyə məktub yazıb

Təhsil

6 Mart 2014, 12:37


Milli Məclisin sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev Xocalı soyqırımı zamanı əlil olan insanlara “ Xocalı soyqırımı əlili” statusunun verilməsi barədə Nazirlər Kabinetinə müraciət edib.

“Bu məsələni Milli Məclisdə qaldırdıqdan sonra Baş nazir Artur Rasizadəyə məktub göndərmişəm. Xocalı soyqırımı aktını dünya qəbul edirsə, bununla bağlı bütün hadisələri əlaqələndirməliyik. 1992-ci ildə bu hadisə olub və o vaxtdan Nazirlər Kabinetinin Sosial Ekspert Komissiyasının əsasnaməsinə görə, həmin müharibə zamanı Qarabağ bölgəsində xəsarət alan, əlil olan insanlara milli münaqişə zəminində əlillik statusu verilib. Bu? bir dövlətin ərazisində olan bir münaqişə idi. Ancaq 1991-ci ilin oktyabrında həm Azərbaycanı, həm Ermənistanı müstəqil dövlət kimi elan etdilər. Əslində Xocalı faciəsini və ondan sonrakı Azərbaycanın ərazilərinin işğalı zamanı vətəndaşlarımızın həlak olmasını, əlil olmasını erməni ordusu törətdi. Xocalını dünya soyqırımı kimi qəbul edirsə, Xocalı soyıqırımı zamanı əlil olmuş insanların əlilliyinin səbəbi birbaşa soyqırımı ilə bağlı olmalıdır. Milli münaqişə zəminində əlillik isə törədilmiş cinayətin miqyasını kiçildir və Ermənistanı məsuliyyətdən kənarda qoyur. Çünki milli münaqişə bir dövlətin ərazisində məişət səviyyəsində olan qarşıdurmadır ki, qısa müddət ərzində dövlətin orqanları da onun qarşısını alır. Burada məişət səviyyəsindəki qarşıdurmadan deyil, topların, tankların iştirakı ilə hərbi qulluqçuların Xocalı şəhərini işğal etməsi, əhalini soyqırımına məruz qoymasından söhbət gedir”, – deyə M. Quliyev Modern.az-a bildirib.

Milli Məclis üzvü qeyd edib ki, Artur Rasizadəyə yazdığı məktubda xahiş edib ki, Xocalıda yaralanan, sağlamlığını itirən, əlil olan insanlara əlillik səbəbi kimi Xocalı soyqırımı göstərilsin.

“Bu həm gələcək tarix üçün lazımdır, həm də Xocalı soyqırımının dünyada tanınmasında yardımçı ola bilər. Ermənistan deyə bilər ki, Azərbaycanda Xocalıda yaralananlara milli münaqişə zəminində əlillik statusu verilib. Bu status isə soyqırımını yox, Azərbaycanda iki millət arasında olan münaqişəni göstərir. Bu mənada hesab edirəm ki, status dəyişilməlidir. Milli Məclis səviyyəsində də mənim təklifinə dəstək gəldi ki, bu məsələyə baxılacaq”.

Ulduz İBRAHİMOVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı