
“Rəsmi Bakı ilə İran yaxşı və qardaş münasibətlərə malikdir və İranın Bakıda yaxalanmış casuslarla heç bir əlaqəsi yoxdur”. Modern.az saytı Fars News-a istinadən xəbər verir ki, bunu İslam Respublikasının Azərbaycandakı səfirliyinin attaşesi Seyyid Məhəmməd Ayatollahi bildirib.
“Bakıda yaxalanmış o iki şəxs iranlı deyil və İranın xüsusi xidmət orqanları ilə bağlılıqları yoxdur”.
Seyyid Məhəmməd Ayatollahi bu açıqlamanı dünən Azərbaycan KİV-lərində, o cümlədən Modern.az-da Nazirlər Kabinetinin hesabatına əsasən hazırlanmış məlumatları şərh edərkən bildirib. Fars News-un xəbərində də bu fakt vurğulanır.
Qeyd edək ki, Nazirlər Kabinetinin Milli Məclisə təqdim etdiyi hesabatda bildirilir ki, 2013-cü ildə həyata keçirilmiş məqsədyönlü əks-kəşfiyyat və antiterror tədbirləri nəticəsində Azərbaycandakı ictimai-siyasi vəziyyət, neft strategiyası, regionda cərəyan edən proseslər, ölkə rəhbərliyi və dövlət məmurları barədə məlumatlar toplayaraq xarici dövlətə ötürən 1 nəfər, eləcə də, Rusiyada yaşayan erməni milliyyətli şəxslərlə cinayətkar işbirliyi qurmuş və onların sifarişi ilə saxta sənədlər hazırlayaraq satan daha 1 nəfər Azərbaycan vətəndaşı cinayət məsuliyyətinə cəlb olunub.
Nazirlər Kabinetinin 2013-cü ilin yekunları ilə bağlı Milli Məclisə təqdim etdiyi hesabatda qeyd olunub ki, Azərbaycanda yaşayan İsrail vətəndaşlarının müəyyənləşdirilməsi, həmin dövlətin respublikamızdakı diplomatik nümayəndəliyinim əməkdaşları barədə məlumatların toplanılması, Azərbaycanın mobil telefon operatorlarının, həmçinin Dövlət Yol Polisinin məlumat bazalarının əldə edilməsi, eləcə də, maraq dairəsinə düşmüş şəxslərin izlənilməsi, onların video və fotoçəkilişlərin aparılması üzrə İran xüsusi xidmət orqanlarının tapşırığını yerinə yetirən daha 2 Azərbaycan vətəndaşı ifşa olunaraq yaxalanıb. Həmçinin 2 vətəndaşın İran ərazisinə çıxarılaraq, həmin ölkənin xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb olunmalarına şərait yaratmaqla yanaşı, qeyri-qanuni yollarla Azərbaycan ərazisinə silah-sursat keçirmiş 1 İran vətəndaşı da cinayət məsuliyyətinə cəlb edilib.
Törədilmiş hərbi cinayətlərə görə 1 hərbi qulluqçu məhkum olunub.
Modern.az