
“Azərbaycanda nurçuluq təhlükəsi yoxdur. Neçə illərdir nurçuların plan qurması ilə bağlı fikirlər eşidirik. Bu məsələyə görə isə hakimiyyətdə heç bir parçalanma yoxdur, əksinə iqtidar yekdildir”.
Bunu Modern.az saytına YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Azərbaycan rəsmilərinin nurçu təriqətinə mənsub olması ilə bağlı iddialara münasibət bildirərkən deyib. O qeyd edib ki, hakimiyyətdə hamı bir nöqtəyə vurur.
YAP rəsmisi Konstitusiyanın tələbləri çərçivəsində dini əqidənin azad olduğunu əsas gətirib. S.Novruzovun sözlərinə görə “hər kəsin vicdan azadlığı var və bu həmin şəxslərin şəxsi düşüncələridir”.
“Nurçular və digər təriqətlər Azərbaycanda dövlət əleyhinə iş apararsa, onlar qanun qarşısında məsuliyyət daşıyacaqlar. Amma belə bir şey yoxdursa, hərənin inancına hörmət etmək lazımdır”-deyə S.Novruzov vurğulayıb.
Qeyd edək ki, Türkiyədə böyük rüşvət və korrupsiya əməliyyatlarından sonra din xadimi Fətullah Gülənin və baş nazir Ərdoğan savaşının miqyası Azərbaycandan da yan keçmədi. İddialara görə Azərbaycan rəsmilərindən, deputatlardan Fətullah Gülən təriqətinə məxsus şəxslər var. Məlumatlara görə onlar dövlət orqanlarında möhkəmləniblər. Bu amilin hakimiyyət daxilində ziddiyyətlər, qarşıdurmalar yaratması da yayılan informasiyalar sırasında yer alır.
Aqşin Kərimov