
Keçmiş SSRİ məkanında ərazi münaqişələri siyahısına daha birinin də əlavə olunduğunu söyləmək olar. Azərbaycanın Dağlıq Qarabağ problemi, Gürcüstanda Abxaziya və Cənubi Osetiya ərazi münaqişələri, Moldovanın Dnestryanı konflikti keçmiş SSRİ və onun xələfi Rusiyanın təxribatıdır. Bunlarla yanaşı, Krım Muxtar Respublikası da yeni ərazi qarşıdurmalarına səbəb ola bilər. Belə ki, Krım parlamenti Rusiyanın tərkibinə birləşmək üçün qərar qəbul edib və martın 16-da bununla bağlı referendum keçiriləcək. Kremlin nəzarətində olan ərazi münaqişələrinin çoxalması Rusiya üçün nələr vəd edir?
Politoloq Vəfa Quluzadə Modern.az saytına prosesləri şərh edib. O bildirib ki, bu konfliktlər əvvəl-axır Rusiyanın özünün əleyhinə çevriləcək.
“Rusiyanın ambisiyaları baş tutan sevda deyil. Bu ərazi münaqişələrinə görə separatçılara və Rusiyaya qarşı ciddi müqavimətlər olacaq”-deyə siyasi ekspert bildirib. O, hesab edir ki, Qərbin Rusiyaya tətbiq edəcəyi sanksiyalar fonunda Moskva ərazi konfliktləri ilə heç bir uğur qazanmayacaq.
V. Quluzadə proseslərin tam olaraq Rusiyanın əleyhinə yönəlməsinin vaxt aparacağını da istisna etməyib. “Ancaq bu qarşıdurmalar Rusiyanın xeyrinə bitməyəcək”.
Aqşin Kərimov