Modern.az-ın məlumatına görə, Təhsil Nazirliyi tərəfindən “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əsas hədəflərinin ictimaiyyətə çatdırılmasında KİV-in rolu” mövzusunda elan edilmiş jurnalist yazıları müsabiqəsi başa çatıb.
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDDF) və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə birgə keçirilmiş müsabiqənin məqsədi müasir təhsil sisteminin qurulması sahəsində aparılacaq islahatların əsas strateji istiqamətlərinin, hədəflərinin, məzmun və mahiyyətinin KİV vasitəsilə ictimaiyyətə çatdırılmasına nail olmaqdan, media qurumlarının cəmiyyətin maarifləndirilməsi işinə təşviqini stimullaşdırmaqdan ibarət idi.
Müsabiqəyə təqdim olunmuş məqalələrdə səriştəyə əsaslanan şəxsiyyətyönümlü təhsil məzmununun yaradılması, təhsil sahəsində insan resurslarının müasirləşdirilməsi, səriştəli təhsilverənlərin formalaşdırılması, təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizminin yaradılması, müasir tələblərə uyğun və ömürboyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılması, təhsil sisteminin iqtisadi cəhətdən dayanıqlı maliyyələşdirmə mexanizminin qurulması istiqamətləri çərçivəsində müvafiq hədəflər əhatə olunub.
Müsabiqənin münsiflər heyəti tərəfindən müəyyən edilmiş qaliblərinin yaxın günlərdə mükafatlandırılması nəzərdə tutulub. Müsabiqənin nəticələrinə görə, I yer üçün (5 nəfər) 1000 manat, II yer üçün (5 nəfər) 700 manat, III yer üçün (5 nəfər) 500 manat, həvəsləndirici yer üçün (10 nəfər) 200 manat mükafat müəyyənləşdirilib.
Qaliblər Təhsil Nazirliyi, KİVDDF və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin xüsusi diplomu ilə təltif olunacaq.
Misranə Həsənzadə