“Bakı Şəhər İcra Hakimiyyətinin Müsavat Partiyasına qurultay keçirmək üçün yer vermədiyinə görə məhkəməyə müraciət ediləcək. Yəqin ki, bu həftə ərzində işlər yekunlaşacaq”.
Bunu Modern.az-a Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı deyib. O bildirib ki, Müsavat kimi böyük siyasi təşkilatın qurultayının yeri 2 ay əvvəldən müəyyənləşdirilməlidir. Çünki kifayət qədər texniki məsələlər var: “Qurultayın keçirilməsi üçün yer vaxtında verilməlidir ki, namizədlər təbliğat işlərini apara bilsinlər. Məsələn, mayın 24-də keçiriləcək qurultay üçün yer mayın 10-da verilsə, qurultayı keçirmək mümkün olmayacaq. İcra hakimiyyətinin bu hərəkəti icazə verməmək kimi bir şeydir. Biz də qurultayla bağlı prosedur qaydalarını nəzərə alıb, fevraldan müraciət etmişdik”.
Tural Abbaslı namizədliyini Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının xeyrinə geri götürəcəyini iddia edənlərə də cavab verib: “Birincu turda heç bir namizədin xeyrinə namizədliyimi geri götürmərəm. Təbii ki, biz ikinci tura adlaya bilməsək və hansısa namizədlər mübarizə apararsa, onlardan birini dəstəkləyəcəm. Amma indidən kiməsə güzəştə getmək fikrim yoxdur. Biz namizəd olmaq xatirinə namizədliyimizi vermirik. Düşünürük ki, Müsavatda yanaşma tərzi dəyişməlidir, gənclər öz potensiallarını göstərməlidirlər, bunun üçün önə çıxmışıq”.
Qeyd edək ki, Müsavat Partiyası mayın 24-də qurultay keçirməyi planlaşdırır.
İlkin PİRƏLİ