Fikrət Şiriyev
Bir-iki ilin söhbətidir. Bakıda keçirilən Beynəlxalq Ədəbiyyat Konfransına gələn İranlı qonaqlardan 3 nəfərini mənə həvalə etmişdilər. Onları öz ölkələrinin sərhəddinə-bizim Astaraya qədər mən aparmalıydım. Doğrusu, çox maraqlı adamlar idi, ədəbiyyatdan, şeirdən o qədər gözəl söhbətlər oldu ki, nə vaxt Salyana çatdığımızı hiss etmədim. Məni ən çox fərəhləndirən də o idi ki, bunlar bizim ədəbiyyatımızı çox dərindən bilir, Füzulidən,Seyid Əzimdən, Məhəmməd Hadidən elə şeirlər deyirdilər ki, mən heyran olurdum.
Nə isə, Salyana çathaçatda arxada əyləşən qonağım sağa dönməyi xahiş etdi. Qabaqda əyləşənin sözünü kəsməmək üçün səbəbini soruşmadım, eləcə döndüm sağa. Bir xeyli gedib keçmiş Əli Bayramlıya yetişəndə yanımdakının sözü bitdi, mən soruşa bildim ki, niyə bura sürdürdün? Arxada oturan şövq ilə dedi ki, ”Bu qədər yolu gəlib rəhmətliklərin məzarını ziyarət etməsək, düz olmaz. Gördüm ki, işarə qoyulub sizin dildə yazılıb “Şirvan”, ona görə dedim dönək. Gedək Xaqaninin, Hacı Zeynalabdinin, Seyyid Yəhyanın, Seyid Əzimin məzarlarını ziyarət edək”. Gözüm Əli Bayramlı İstilik Elektrik Stansiyasının borularında donub qaldı: “Qardaş, bura Şamaxı deyil, Şirvan deyil, Əli Bayramlıdır”.
Gördüm qonaqlar məndən şübhələnirlər: «Axı orda “Şirvan” yazılıb, vaxtın yoxdursa, eybi yox, sonra qismət olsa, gələrik”. “Ay qardaş, vallah, vaxtım da var, hövsələm də, bircə deməyə sözüm yoxdur”.Mən bunlara necə izah edim ki, Şirvan deyilən, Xaqaninin, Hacı Zeynalabdinin, Seyyid Yəhyanın, Seyid Əzimin vətəni olan yerlə buranın arasında 300 kilometrdən çox məsafə var, necə deyim ki, bunlar kimi tariximizi bilməyən bir neçə əsr sonrakı nəsillər elə biləcəklər ki, Seyid Əzim Şirvani Əli Bayramlıdandır, yaxud Nəsimi özündən 500 il sonra salınmış yaşayış məskənində anadan olub?
Nə isə, qonaqları birtəhər başa salıb incikliklərini aradan götürdüm, ancaq öz narahatlığımı götürə bilmədim və Astaradan Bakıyadək yol gələ-gələ düşünürdüm ki, Allah, görəsən biz niyə beləyik? Yaramaz qonşularımızı demirəm, onların hoqqaları göz qabağında, “dost”gürcülər özlərinin “dəli” adlandırdıqları Qamsaxurdiyanı ortalığa atıb bütün Borçalıdakı tarixi türk adlarını bir neçə günün içində dəyişdirdilər, indi Kəpənəkçi, Qoçulu, Daşlı Qullar, Qaradaşlı və yüzlərlə digər toponimlər gürcü dilində sözlərlə əvəz olunub, ən yaxşı halda “Daşlı qullar” kimi adlar “Taştikulari” olub. İndi də, “qardaş-qardaş” deyəndə soruşursan, cavab verirlər ki, “əşşi, o dəli bir səhvdir eləyib, indi təzədən duraq dəstgah açaq? Gürcüstanda o qədər pul hardandır təzədən islahat keçirək?” Deməli, Borçalı tarixi də belə getdi...
Ay qardaş, heç olmazsa, özümüz özümüzə bir gün ağlayaq! Yer adları ilə bağlı bircə komissiya var, o da fikirləşib-fikirləşib 3-4 ildə bir qərar hasilə gətirir ki, bilmirsən məqsəd nədir? Az-çox türk mənşəli ad idi, siyasi səbəbdən dəyişirdi, bu Əli Bayramlıya bir türkləşdirilmiş, əraziyə uyğun normal ad qoyaydılar- yoxsa bu mübahisəli Şirvan adına onsuz da fars o yandan, erməni bu yandan müştəridir- yaramazlar yazırlar ki, İcevan, Sevan, Yerevan kimi Şirvan da bizimdir, o biri qohumları da deyir ki, Azərbaycanda nə qədər “an”, “yan” sonluqlu yer adı var, bizim torpaqlardır.
Ay qardaş, 23 ildir müstəqilik, qələm öz əlimizdə, hökumət öz əlimizdə, bu mübahisə doğuran adları dəyişdirib milli kökə gətirə bilmərikmi? Qardaş Türkiyədə bir dənə şübhə yaradan ad saxlamayıblar: “Soğanlı”, “Sirkəçi”, “Güllü” kimi ilk baxışda bəsit görünən olsa da, bütün yeni yaranan, köhnə olan toponimlər türkləşdirilib. Yoxsa, bizdə olduğu kimi: Qubaya tez-tez gedib gəldiyimə görə Xaçmazın döngəsində olan Gəndob kəndinin adını 30 ildir müşahidə edirəm- Sovet dövründə Qandob yazırdılar, sonra Qəndob, Gəndov, Qəndab, Gəndab, indi də Gəndav! Qardaş, bunu biryolluq milliləşdirin - ya Qənd oba, ya Kənd oba elə qurtarıb getsin də! Minlərlə belə problem var. Sovet dövründə əlində hakimiyyət olan ermənilər Bakı kəndlərinin adını rus dilinə tərcümə etmək adıyla dəyişdirib erməniləşdirmişdilər: Şüvəlan-Şuvalyan, Mərdəkan-Mardakyan, Əmircan- Amirdjyan və s. olmuşdu. 20-30 il də keçsəydi, sübut edə bilməyəcəkdik ki, bu kəndlər bizimdir. Ancaq biz bu qədər imtiyazdan istifadə edib bir kəndin, bir şəhərin adını azərbaycanlaşdırmamışıq.
Türk mənşəli bir-iki toponim qalıb, düşmüşük onları dəyişdirməyin eşqinə- ən maraqlılarından biri Dəvəçinin Şabran olması oldu, qardaş, çox vacib idisə, mübahisəli Şabran adını 10 kilometr bu yanda şübhəli adı olanSiyəzənə verəydiniz də, “Dəvəçi” kimi bizim “çı”,”çi” şəkilçisi ilə düzələn nadir adlardan birini dəyişdirməyə nə hacət? Tovuzda bir dostum var-rayonun Aşağı Ayıblı kəndindəndir, zarafatla deyir ki, biri soruşanda, qonaq-zad gələndə utanırıq kəndin adını deməyə, Sovet dövründə ruscaya tərcümə eləyib kəndimizə ”Nijni pozornı” deyirdilər.
Bu yaxınlarda öyrənmişəm ki, kəndin əsl adı Hayıflıdır, Qazax zonasında “ayıb” sözü “ayıf” kimi deyildiyinə görə Hayıflını guya ədəbi dilə uyğunlaşdırıb Ayıblı ediblər və dolaşıq bir toponim yaradıblar. Axı belə səhvləri bu gün də düzəltməsək, nə vaxt edəcəyik? Yüzlərlə, bəlkə də minlərlə belə düzəlməli, bir hərfi, bir hecanı dəyişdirməklə milliləşən toponimlərimiz var, düşünmək zamanı çatmadımı?