Modern.az

Ukraynadakı silahlı qarşıdurmalarda ölən və yaralananlar var

Ukraynadakı silahlı qarşıdurmalarda ölən və yaralananlar var

Təhsil

13 Aprel 2014, 15:47


Kiyevdə pezidentin vəzifələrini icra edən parlamentin sədri Aleksandr Turçinovun sədrliyi ilə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının fövqəladə iclası keçirilib. İclasda Ukraynanın Şərqindəki vəziyyətin normallaşması müzakirə olunub. 

Bu haqda Ali Radanın mətbuat xidməti məlumat yayıb. Müzakirələr və qəbul olunan qərarlar haqda ətraflı məlumat verilmir. 

Qeyri-rəsmi məlumatlara görə, iclasda vəziyyətin gərgin olduğu vilayətlərin qubernatorları iştirak edib. Onlar ölkənin Şərqində fövqəladə vəziyyət rejiminin tətbiqinin mümkünlüyü haqda müzakirələr aparıb. 

Yerli medianın məlumatına görə, müzakirələr getdiyi vaxt Maydan fəalları və sadə kiyevlilər iclasın keçirildiyi Daxili İşlər Nazirliyinin binası qarşısına toplaşıb. Onlar hökumətdən qəti tədbirlər görülməsini tələb ediblər.

Donbas vətənpərvər qüvvələr komitəsi isə Ukrayna hökumətindən regionda silahlı adamlara qarşı qəti tədbirlər görməyi tələb edib. Komitə bütün siyasi tərəfləri radikal hərəkətlərdən çəkinməyə, münaqişəni dinc vasitələrlə həll etməyə çağırıb.

Ukraynanın daxili işlər naziri vəzifəsini icra edən Arsen Avakov Slavyansk şəhərində aparılan “anti-terror əməliyyatı”nda hər iki tərəfdən ölənlər və yaralılar olduğunu bildirib. 

”Azadlıq” radiosunun Ukrayna xidmətinin məlumatına görə, Avakov bu barədə özünün Facebook səhifəsində yazıb. Onun qeyd etdiyinə görə aprelin 13-də silahlı Rusiya yönümlü qüvvələrlə atışmada Ukraynanın təhlükəsizlik qüvvələrinin bir zabiti həlak olub, 5 nəfər də yaralanıb. Silahlılar arasında da hələlik sayı bəlli olmayan qədər itkilər var. Nazir yaraqlıların dinc sakinləri canlı qalxan kimi mistifadə etdiklərini bildirir. 

Avakovun sözlərinə görə separatçıları təxminən 1000 nəfərə yaxın adam müdafiə edir. Onun qeydlərinə görə şəhər sakinləri evlərindən kənara çıxmırlar.

Slavyanskda olan jurnalistlər bildirirlər ki, aprelin 13-də şəhərin üzərində hərbi vertolyotlar uçur. Amma Reuters-in müxbiri xəbər verir ki, heç bir atışma səsi eşitmir.

Jurnalistlər bildirirlər ki, mart ayında Krımda olduğu kimi indi də Ukraynanın Rusiya ilə Şərq sərhədində olan şəhərlərdə hərbi geyimində tanınma nişanı olmayan hərbçilər dolaşır.

Arsen Avakov Rusiya yönümlü aksiyaçıların ölkənin Şərqinə hücumlarını "Rusiyanın təcavüzkarlıq aktı" adlandırıb.  

Separatçı aksiyaçılar dünən Slavyanskda polis idarəsini tutandan sonra şəhər meriyası və Ukrayna Təhlükəsizlik Xidmətinin yerli idarəsini də ələ keçiriblər. 

Ukraynanın Şərqində Krasny Lyman və Kramatorsk şəhərlərindən də separatçıların hücumları barədə xəbərlər gəlir. 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı