“Necə yəni mer çadırda gecələyir? Hörmətli merimizin o qədər işi var. Lazım olanda işlərin gedişinə nəzarət etmək üçün gedir-gəlir. Hacıbala müəllim heç bir çadırda gecələmir”.
Bunu Modern.az saytına açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nuranə Mərdanova mer Hacıbala Abutalıbovun Gül bayramına hazırlıqla bağlı qurulan çadırda gecələməsi xəbərinə münasibət bildirirəkən deyib.
“Vacib bir şey olanada hətta gecə saatlarında da gedir, amma orada gecələmir. Hansı saytlar bunu yazıb?! Onu yazanlar bilsinlər ki, çadırlar artıq neçə illərdir Gül bayramının keçirilməsilə əlaqədar qurulur. Orada bizim işçilər olmasa da, növbətçilər, polislər gecələyir. Heç olmasa çay, su içsinlər, orada dincəlsinlər, onlar da insandır. Bu keçən il də var idi, inişil də. Hər il bu çadırlar qurulur. Bayrama az müddət qalmış bizim işçilər növbə ilə orada 2-3 saat qalır. O çadırlar neçə ildir qurulur, indiyə qədər gözləri görmürdü bunu yazanların?!”
Qeyd edək ki, bu gün bir sıra saytlarda mer Hacıbala Abutalıbovun çadırda gecələdiyi barədə məlumatlar yayılıb.
Gülşən Raufqızı