“Dəfələrlə Ədliyyə Nazirliyinə qeydiyyat üçün müraciət etmişik. Bu yaxınlarda da müraciət etdik. Amma hamısı nəticəsiz qalıb”. Bunu Modern.az-a İslam Partiyasının sədr əvəzi Elçin Manafov deyib. Onun sözlərinə görə, hər fürsətdə Ədliyyə Nazirliyinə müraciət olunsa da, müsbət cavab alınmayıb. “İslam Partiyası ancaq qanun çərçivəsində hərəkət etmək istəyir”.
E. Manafov İslam Partiyasının qarşıdan gələn bələdiyyə seçkilərində iştirak perspektivləri haqqında da danışıb. O bildirib ki, partiyanın Baş Məclisində məsələ müzakirəyə çıxarılacaq. “Müzakirələrdə yəqin ki, müsbət rəy qəbul olunacaq. Biz mütləq o seçkilərdə iştirak etməliyik. Həbsdə olan İslam Partiyasının sədri və lideri Mövsüm Səmədov da seçkidə iştirakımızı vacib sayır”.Qeyd edək ki, İslam Partiyası 1991-ci ildə yaradılıb və 1992-ci ildə qeydiyyata alınıb. Lakin onun qeydiyyatı 1995-ci ildə ləğv edilib. Partiyanın sədri və lideri Mövsüm Səmədov isə hazırda həbsdədir.
Aqşin Kərimov