“Ölkədə hər hansı qlobal əhəmiyyətli siyasi hadisələrdən sonra müxalifətdə müşahidə olunan passivlik təbii qarşılanmalıdır. Seçkidən sonra demokratik düşərgə fəaliyyətini dəyərləndirməklə məşğuldur. Bu da qıraqdan passivlik kimi görünür”. Bunu Modern.az saytına El Hərəkatı Ali Məclisinin sədri, Milli Şura üzvü Eldəniz Quliyev müxalifətin fəaliyyətini şərh edərkən deyib. O bildirib ki, müxalifət partiyaları seçkini dəyərləndirməklə qüsurları təhlil etməlidir. Milli Şura üzvü bu baxımdan vurğulayıb ki, müxalifət düşərgəsindəki passivlik qeyri-adi qarşılanmamalıdır. E. Quliyev təmsil etdiyi El Hərəkatının qurultayının keçirilməsi istiqamətində proseslər haqqında da danışıb. “El Hərəkatı aktiv surətdə bölgələrdə iş aparır və qurultaya hazırlıq işləri gedir”. Təşkilat rəsmisi El Hərəkatının gələcək bələdiyyə və parlament seçkilərində iştirakının zəruriliyini də vurğulayıb. Bununla yanaşı, qurum təmsilçisi Milli Şuranın artıq siyasi faktora çevrildiyini də bildirib. “Milli Şura Azərbaycanda ana müxalifətə iddialıdır”,-deyə E. Quliyev qeyd edib. E. Quliyev üzvü olduğu Ziyalılar Forumunun buraxılacağı ilə bağlı iddialara cavab verib. O deyib ki, Ziyalılar Forumu siyasi bir təşkilat olmadığından ziyalıların bir araya gəldiyi orbitr funksiyası daşıyır. “Mən dünən Rüstəm İbrahimbəyov və Rafiq Əliyevlə də danışmışam. Biz mütəmadi olaraq telefonla əlaqə saxlayırıq. Bu yaxınlarda Ziyalılar Forumu ilə bağlı problemlər öz həllini tapacaq. Rüstəm İbrahimbəyov da Ziyalılar Forumunun fəaliyyətini davam etdirməkdə çox maraqlıdır. Rüstəm müəllim hazırda Moskvadadır”.
Qeyd edək ki, R. İbrahimbəyov Ziyalılar Forumu və Milli Şuranın təsisçilərindən biridir. O, Milli Şuranın "fəxri sədri" statusu adını daşıyır.
Aqşin Kərimov