Modern.az

Qısametrajlı fəlsəfə və ya... - VİDEO

Qısametrajlı fəlsəfə və ya... - VİDEO

Təhsil

25 Aprel 2014, 17:16

Dünyada nə qədər insan varsa, o qədər də dünyagörüşü və hiss müxtəlifliyi var. İnsanların bu baxımdan unikallığını barmaq izlərinin və genetik kodun təkrarolunmazlığı ilə müqayisə etsək, heç də yanılmarıq. Amma, başqa bir amil də var ki, bunu hər bir insan fərqli şəkildə görür: ölüm ayağında və ya kliniki ölüm zamanı oksigenlə getdikcə daha zəif təmin olunmağa başlayan, ancaq buna baxmayaraq, bütöv bir kainat qədər mürəkkəb və sirli qalmağa davam edən insan beyninin görmə mərkəzlərinə xaotik şəkildə ötürdüyü obraz və mənzərələr. Fərq həm də ondadır ki, kimlərsə geriyə, bu fani dünyaya qayıdır, amma, kimlərsə əbədiyyətə qovuşur...

Gələn ayın sonlarında izləyə biləcəyiniz yeni “Nəfəs all” adlı qısametrajlı film məhz bu obrazların və mənzərələrin qeyri-adi fəlsəfi prizmadan yozumuna həsr olunub. Əslində belə bir çətin mövzunun qısa zaman kəsiyinə sığışdırılması nə qədər qeyri-mümkün görünsə də, filmin yaradıcıları bunun üçün orijinal bədii-fəlsəfi həll tapa biliblər. Yetər ki, bu fentezi qədər mürəkkəb bir janrda olan filmi son kadrına qədər diqqətlə izləyəsiniz. Yaradıcılardan söz düşmüşkən...

Qısametrajlı filmlərin mühüm bir özəlliyi məhz minimal çəkiliş heyətinin olmasındadır. “Nəfəs all” filmin ərsəyə gəlməsində isə cəmi üç nəfər iştirak edib: gənc rejissor Elvin Əhmədoğlu, DJ-Rash kimi tanınan radio aparıcısı Rəşad Həmidov (baş rolun ifaçısı) və operator Novruz Məhəmmədoğlu.

Hal hazırda montaj mərhələsində olan “Nəfəs all” filmi may ayının sonlarında işıq üzü görəcək. Sentyabr ayında isə bu filmi artıq ilk sınaq gözləyir. Moskvada keçiriləcək “Artkino” VII Ümumrusiya Qısametrajlı Müəllif Filmləri Festivalında “Nəfəs all” ölkəmizi təmsil edəcək.
Bizə isə daha iki şeyi etmək qalır: birincisi – Elvinə, Rəşada, Novruza və onların birgə düşüncəsinin məhsulu olan “Nəfəs all” filminə Moskvadakı kino festivalında uğurlar diləmək; ikincisi – süjet xəttinin tam şəkildə nədən ibarət olduğunu siz oxucularla bölüşməməkdə məqsədimizi izah etmək.

Məsələ ondadır ki, filmdə, ələlxüsus da qısametrajlı filmdə nələrin baş verəcəyini öncədən bilərkən onu izləmək bir o qədər də maraqlı olmur. İndidən yalnız onu söyləmək olar ki, “Youtube” videoportalında yerləşdirilmiş tizeri izləmək qısametrajlı film həvəskarlarında “Nəfəs all” haqqında müəyyən təsəvvür və bəlkə təəssürat yarada bilər.



Samir Abdulla
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı