Quba rayonundan millət vəkili seçilmiş Vahid Əhmədov seçicilərinin çoxsaylı müraciətlərini nəzərə alaraq aprel ayında ikinci dəfə görüş keçirib. Modern.az xəbər verir ki, millət vəkili Quba şəhərində yerləşən ofisində onlarla görüşərək, otuz dörd nəfər vətəndaşı təkbətək qəbul edib. Qeyd edək ki, qubalıları çox narahat edən bir sıra məsələlər yenidən millət vəkilinin diqqətinə çatdırılıb. Şəhərdə mənzil fondunun həddən artiq köhnə olması, uzun illərdir ki, yaşayış evlərinin inşa olunmaması və bir sıra hallarda məmur diqqətsizliyi üzündən yaranan narazılıqlar əhalinin bu kimi problemləri müxtəlif səviyyələrdə təkrar təkrar qaldirmasına gətirib çıxarır. Daha bir ciddi şəkildə qabardılan məsələ-Qudyalçay üzərindən keçərək şəhəri Qirmızı qəsəbə ilə birləşdirən ,yaxın vaxtlarda təmir edilərək bərpa olunmuş körpünün nəqliyyatın hərəkəti üçün bağlı olmasıdır. Şəhərin küçələrinin işıqlandırılması,küçələrin abadlaşdırılaraq asfaltlandırılması, müəyyən yerlərdə qazın təzyiqinin az olması səbəbindən yaranan ətinliklər və sair məsələlər qəbul zamanı deputatın nəzərinə çatdırılıb. Bir neçə problem qəbul prosesində həllini tapmış, qalanları nəzarətə götürülüb.
Aprel ayının 11-də aparılmış qəbul zamanı səsləndirilmiş və həlli məsul şəxslərə həvalə edilmiş bir neçə məsələnin icrası ilə tanış olmaq məqsədi ilə millət vəkili şəhərin Vaqif küçəsində asfaltlama işləri ilə tanış olub, qəbuldan keçən 12 gün ərzində böyük işlərin görüldüyünün şahidi olub. Günün sonunda millət vəkili rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə görüşmüş ,bir sıra məsələlərin həlli yollarını müzakirə edib.


