
Modern.az saytı xəbər verir ki, Milli Məclisin I vitse-spikeri, parlamentin Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin sədri Ziyafət Əsgərov Publika.az-a müsahibəsində sensasion məlumat açıqlayıb. Z.Əsgərov müsahibəsində bir çox məsələlərə, xüsusən də Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” proqramının Praqa sammitində Azərbaycan prezidenti İlham Əliyevin məlum çıxışına və Serj Sərkisyana verdiyi cavaba toxunub. Onun sözlərinə görə, prezident İlham Əliyev də Serj Sərkisyana çox layiqli cavab verib.
”Həqiqətən bir daha sübut olundu ki, Ermənistan qondarma soyqırımı iddiaları ilə bağlı tarixi faktların araşdırılmasında maraqlı deyil. Cənab prezident İlham Əliyev Praqa sammitində doğru vurğuladı ki, əgər Ermənistan bu məsələnin aydınlaşmasında maraqlıdırsa, o zaman nə üçün Türkiyənin təşəbbüsünə cavab vermədi? Çünki Türkiyənin baş naziri Cənab Ərdoğan hələ bir neçə il bundan əvvəl bəyan etdi ki, biz arxivləri açmışıq, Ermənistanın, Türkiyənin və beynəlxalq komissiyalar bu məsələni birgə araşdırsın. Ancaq Ermənistan bunda maraqlı deyil. Çünki arxiv araşdırılsa, tamam başqa mənzərə ortaya çıxacaq və beynəlxalq komissiya da görəcək ki, ermənilərə qarşı heç bir soyqırımı olmayıb”.
Serj Sərkisyanın Azərbaycan Milli Ordusunun zabiti Ramil Səfərovun qətlə yetirilməsi üçün Ermənistan Milli Təhlükəsizik Xidmətinin direktoru Qorik Akopyana xüsusi tapşırıq verməsi barədə məsələyə toxunan Ziyafət Əsgərov maraqlı açıqlama verib:
“Serj Sərkisyanın bu tapşırığının çox sadə izahı var. Əslində, mən burada qeyri-adi heçnə görmürəm. Çünki həm Ermənistan, həm də onun prezidenti Sərkisyan mahiyyətcə terrorçudur. Biz hər zaman demişik, indi də bəyan edirik ki, Ermənistan mahiyyət etibarı ilə terrorçu dövlətdir. Təbii ki, bu terrorçu dövlətin başında da terrorçu prezident oturub. Ona görə də Ramil Səfərovun öldürülməsi ilə bağlı belə bir tapşırığın verilməsi terrorçunun xislətinə xas olan məsələdir. Sadəcə, bunu bir daha dünya görsün ki, Ermənistan prezidenti nə ilə məşğul olur. Mən Ermənistana dövlət deyə bilmirəm. Ermənistan dövlət deyil, terrorçu qurumdur, onun başında da Sərkisyan kimi cəllad və terrorçu oturub.
Ermənistan rəhbərliyi, o cümlədən prezidenti yaxşı bilməlidir ki, bu gün Azərbaycan dövləti 90-cı illərin əvvəllərində olan ölkə deyil. Bu gün Azərbaycanın güclü diplomatiyası var. Çünki hər bir siyasətdə də güc faktoru olmalıdır.
Cənab Prezident İlham Əliyevin dünənki çıxışı da bunu bariz şəkildə göstərdi. Bu gün Azərbaycan çox güclü dövlətdir, onun güclü ordusu var və Azərbaycanla artıq başqa dildə danışmaq mümkün deyil.
Serj Sərkisyan da bilməlidir ki, onun oturduğu kabinet Azərbaycan Silahlı Qüvvələri tərəfindən dəqiq izlənilir. Sarkisyan bunu bilməlidir və nəzərə almalıdır”.
Modern.az