Təhsil Nazirliyinin keçmiş müdir müavini Orxan Kərimov Ali Məhkəməyə müraciət etməyə hazırlaşır. Əvvəlki iki instansiyada iddiası təmin olunmadığından o, hüquqlarını sonadək müdafiə edəcəyini bildirir.
Ürək xəstəliyindən əziyyət çəkən O. Kərimov barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilib və o, müalicəyə göndərilib. Bu barədə Modern.az-a açıqlama verən Orxan Kərimovun sözlərinə görə, Ali Məhkəmənin onun işi ilə bağlı ədalətli, normal qərar verəcəyinə ümidlidir: “Hazırda sənədlər toplayıram. Çox əsaslı, arqumentli sənədlər toplamaq istəyirəm ki, yox deyə bilməsinlər. Prezidentə müraciət etmək üçün məsləhətləşirəm düşünürəm. Bu məsələni elə ciddi araşdırmağa da ehtiyac yoxdur, sadəcə mənim əlimdə olan sənədlərə baxmaq kifayətdir”.Xatırladaq ki, Orxan Kərimov Təhsil Nazirliyinin iqtisadiyyat şöbəsinin keçmiş müdiri Şahrza Əliyevin müavini olub. O, bir müddət həbsdə qaldıqdan sonra ötən il iyunun 21-də azad olunub. O.Kərimov Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311-ci (rüşvət alma - passiv rüşvətxorluq) maddələri ilə ittiham olunur.
Gültəkin ƏLƏSGƏR