Modern.az

Ekspert: “Bu il əmlak bazarında qiymət 10 faiz artıb”

Ekspert: “Bu il əmlak bazarında qiymət 10 faiz artıb”

Təhsil

1 May 2014, 13:06


“Daşınmaz əmlak bazarında ilin əvvəlindən aktivlik stabilləşib, aprel ayında isə mənzil və kommersiya obyektləri bazarında aktivlik əvvəlki aylara nisbətən 12 faizə yaxın azalıb. Lakin buna baxmayaraq qiymətlər ilin əvvəlindən 10 faiz artıb və artım daha çox təkrar mənzil və torpaq bazarında müşahidə edilib”.

Bunu Modern.az-a “MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov daşınmaz əmlak bazarında son durumla bağlı açıqlamasında deyib:

Ekspert bildirib ki, təbii olaraq ən yüksək qiymət paytaxt Bakı şəhərindədir: “Bakıda bir kvadratmetr mənzilin qiyməti 1600 manat, Sumqayıt şəhərində 1000, Gəncə şəhərində 950, Lənkəran şəhərində 740, qalan şəhərlərdə isə 450-560 manat arasında dəyişir”.

N.İbrahimovun sözlərinə görə, mart və aprel aylarında torpaq bazarında nisbi aktivlik hiss edilir: “Əvvəla, torpaq bazarı üçün yaz ayları mövsümi aylar sayılır, 2-ci isə aşağı ödəmə imkanına malik insanlar məhz şəhər mərkəzinə yaxın olan Bakı kəndlərində kiçik ölçülü torpaq sahələri alıb, üzərində münasib fərdi ev tikməyə üstünlük verirlər. Bu təxminən 50-60 min manata başa gəlir ki, həmin pula da Bakı şəhərində mənzil almaq mümkün sayılmır”.

Ekspertin fikrincə, bazarda real tələbi artıran daha çox söküntü amilidir: “Digər tərəfdən, bazar özü da satıcılara psixoloji təsir göstərir. Nəticədə onlar daha baha qiymətə mənzillərini reallaşdırmaq istəyində olurlar. Lakin artıq söküntü obyektlərinə təklif olunan vəsait şəhər daxilində mənzil qiymətlərinin süni artırılmasına imkan yarada bilmir”.

 

Gülşən Raufqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı