Fidan: “İş tapmaq son deyil, hələ başlanğıcdır!”
Bir çox gənc təhsillərini başa vurduqdan sonra “iş axtarmağa necə başlamalı?”, “harada iş axtarmalı?” və “bu prosesdə nəyə xüsusi diqqət yetirməli?” kimi suallarla üzləşirlər. Bu çətinliklərin öhdəsindən gəlmək üçün dayanıqlı bir modelin olması vacibdir. Azərbaycanda gənclərin məşğulluğunu prioritet sahə kimi vurğulayan dövlət strategiyasına dəstək verilməsi üçün “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” adlı birgə layihənin həyata keçirilməsi bu yolda atılan mühüm addımlardan biridir.
İş axtaran şəxslərə təlim keçməklə onların peşəkar bacarıqlarını inkişaf etdirmək, dövlətin həyata keçirdiyi məşğulluq siyasətinə töhfə vermək və iş axtaranların əmək bazarına inteqrasiyasını asanlaşdırmaq məqsədi daşıyan bu layihədə iştirak etmək üçün iş təcrübəsindən asılı olmayaraq, təhsilini başa vurmuş gənclər müraciət edə bilər. Dövlət Məşğulluq Xidmətində işsiz kimi qeydiyyata alınan gənclər SYSLAB Təlim Mərkəzinə yönləndirilir. Onlar burada təxminən 4 ay müddətində davamlı olaraq seminarlarda iştirak edirlər. Mütəmadi keçirilən seminarlarda iş axtarmaq bacarıqları inkişaf etdirildikdən sonra iştirakçılar qısa bir təcrübə proqramı keçirlər. Mərkəzlərdə marketinq, insan resursları, informasiya texnologiyaları və s. kimi şöbələr yaradılmışdıır. İştirakçılar öz maraqlarına uyğun olaraq bu şöbələrdən birini seçir və burada bilik və bacarıqlarını inkişaf etdirirlər.
Layihə sayəsində uğur qazanan gənclərdən biri də Fidan Nəcəfovadir. Fidan Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsində bakalavr təhsili, Azərbaycan Diplomatiya Akademiyasının Beynəlxalq Münasibətlər və Diplomatiya fakültəsində isə magistr təhsili almışdır. Hazırda o, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsində baş məsləhətçi vəzifəsində çalışır.
Fidan ali təhsilini başa vurduqdan sonra iş axtarmağa başlamışdır. İş elanlarına göz gəzdirərkən SYSLAB Mərkəzləri haqqında elan ona maraqlı gəlib. Layihədə iştirak etməyə müraciət edən Fidan əldə etdiyi bacarıqları olduqca qiymətli hesab edir: “Bu layihə məndə özümə inamı artırdı. Mən “SYSLAB”da iştirak etməzdən əvvəl də bir neçə iş müsahibəsinə və imtahana getmişdim. Lakin, qarşı tərəfdən cavab almayanda artıq uğur qazanmadığımı düşünürdüm və səbəbi ilə heç vaxt maraqlanmırdım. Bu layihə zamanı öyrəndim ki, bəzən müraciət edilən iş yerindən cavab almayanda ruhdan düşmək lazım deyil. Bir az inadkar və ya başqa sözlə, inamlı olmağın, bunun səbəbləri ilə maraqlanmağın da əhəmiyyəti var”.
Müsahibimizin sözlərinə görə, iş axtaran gənclərin məhz “SYSLAB”ın təmin etdiyi hazırlıq prosesindən keçməsi çox önəmlidir. Çünki burada heç bir iş təcrübəsinə malik olmayan gənclərə uğur qazanmağın yolları oyrədilir: “SYSLAB bu baxımdan çox önəmli bir layihədir. Gənclər iş axtarmaq bacarıqları haqqında çox az şey bilirlər. Necə deyərlər, iş axtarmaq özü bir işdir, onu da düzgün və səbrlə etmək lazımdır ki, müvəffəqiyyət qazanasan. SYSLAB həm iş axtarmağın, həm də sonra həmin iş yerində peşəkar davranmağın yollarını öyrədir”.
Hər hansı bir məzunun uğur qazanmasının digərləri üçün nümunə olması və onlar arasındakı güclü şəbəkələşmə layihənin üstün cəhətləri sırasındadır. Layihə heyətinin müşahidələrinə görə, məhz bu amillər iştirakçılarda özünə inamı gücləndirir və daha geniş əlaqələr yaradır ki, bu da iş tapmaqda onlara çox köməklik edir.
Fidan da bu fikirlərə qoşulur: “Azərbaycan gəncləri üçün belə bir layihə xüsusi önəm daşıyır, çünki bizim gənclər nisbətən özlərinə qapalıdırlar. Təlimlər zamanı yoldaşlarımız arasında çox utancaq olanları var idi, ən adi müzakirələrdə öz fikirlərini deməkdən çəkinirdilər. Təbii ki, bu cür davranış iş müsahibələrinin bir çox hallarda uğursuz nəticələnməsinə səbəb olur. Amma təlimlərdən sonra onlar artıq bu komplekslərdən azad olmuşdular”.
“SYSLAB layihəsi bir çox gənc üçün uğura aparan yoldur. Çünki iş tapmaq son deyil, bu, hələ karyeranın başlanğıcıdır”, deyir Fidan.
Xatırladaq ki, 2011-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və BMT-nin İnkişaf Proqramının (BMTİP) birgə əməkdaşlığı çərçivəsində “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsi imzalanmışdır. Həyata keçirildiyi vaxtdan indiyədək layihə artıq 200-dən çox gəncin iş bacarıqlarının inkişaf etdirilməsinə töhfə verə bilib. Layihə Norveçin SYSLAB şirkətinin və BMTİP-nin maliyyə dəstəyi ilə həyata keçirilir. Layihə ideyası Norveç SYSLAB şirkətinə məxsusdur və onun yaratdığı modelə əsaslanır.
Modern.az