Modern.az

Uğurla nəticələnən ilk iş axtarma cəhdi

Uğurla nəticələnən ilk iş axtarma cəhdi

Təhsil

1 May 2014, 15:54

“SYSLAB”ın məzunu layihənin işçi heyətində 


Ali təhsilini başa vurmuş və ya davam etdirən gənclər işlə təmin olunma məsələsində problemlərlə üzləşirlər. Demək olar ki, bütün hallarda ilk müraciət etdikləri bir neçə iş yerindən mənfi cavab alırlar. İnsan resursları üzrə mütəxəssislərin fikrincə, bunun ən başlıca səbəblərindən biri onların özlərinə uyğun vakansiyanı müəyyənləşdirə bilməməsi, iş müsahibəsi qaydalarına əməl etməməsi, bir sözlə, iş  axtarmaq bacarıqlarının kifayət qədər olmamasıdır. İş axtarmaq bacarıqları dedikdə, CV (tərcümeyi-hal) tərtibatından tutmuş iş müsahibəsində davranış qaydalarınadək bir çox amillər nəzərdə tutulur. 

Bu məsələdə Azərbaycan gənclərinə dəstək vermək üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və BMT-nin İnkişaf Proqramının (BMTİP) birgə əməkdaşlığı ilə həyata keçirilən “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” adlı layihə imzalanıb. 2011-ci ildən bu vaxtadək artıq 200-dən çox gəncin iş bacarıqlarının inkişaf etdirilməsinə layihə vasitəsilə yardım edilib.

İş axtaran şəxslərə təlim keçməklə onların iş axtarmaq bacarıqlarını inkişaf etdirmək, dövlətin həyata keçirdiyi məşğulluq siyasətinə dəstək vermək və iş axtaranların əmək bazarına inteqrasiyasını asanlaşdırmaq məqsədi daşıyan bu layihəyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən çox böyük önəm və dəstək verilir. Mərkəzlərin açılması və iş axtarma prosesində Dövlət Məşğulluq Xidmətinin rolu xüsusilə qeyd olunmalıdır.    

Layihədə iştirak etmək üçün  iş təcrübəsindən asılı olmayaraq, təhsilini başa vurmuş gənclər müraciət  bilər. Dövlət Məşğulluq Xidmətində işsiz kimi qeydiyyata alınan gənclər SYSLAB Təlim Mərkəzinə yönləndirilir. İştirakçılar burada təxminən 4 ay müddətində davamlı olaraq seminarlarda iştirak edirlər. Bu seminarlarda iş axtarmaq bacarıqları inkişaf etdirildikdən sonra iştirakçılar qısa bir təcrübə proqramı keçirlər. Layihə çərçivəsində marketinq, insan resursları, informasiya texnologiyaları və s. kimi şöbələr yaradılır. İştirakçılar öz maraqlarına uyğun olaraq bu şöbələrdən birini seçərək burada bilik və bacarıqlarını inkişaf etdirirlər.

Kənan Bağırov sözügedən layihənin məzunlarından biridir. Azərbaycan Kooperasiya Universitetində maliyyə və kredit ixtisası üzrə bakalavr təhsili, Azərbaycan Dövlət İqtisad Universitetində isə maliyyə nəzarəti və audit istiqaməti üzrə magistr təhsili alan Kənan elə də uzaqda iş axtarmalı olmayıb: “Mən SYSLAB Bakı Mərkəzindəki təlimlərdə iştirak edirdim və təbii ki, paralel olaraq iş axtarırdım. Bu zaman yeni fəaliyyətə başlayan SYSLAB Sumqayıt Mərkəzində layihə köməkçisi vakansiyası elan olundu. Özümü sınamaq üçün bu vakansiyaya müraciət etdim. Bu mənim layihədə iştirakımdan sonra iş axtarmaq üçün demək olar ki, ilk cəhdim idi. Nəticə gözlədiyimdən də uğurlu alındı”.

Kənanın fikrincə, “SYSLAB” layihəsi təkcə iş tapmaq imkanları baxımından yox, eyni zamanda komanda fəaliyyətinin qurulması baxımdan çox əhəmiyyətlidir ki, bu özünü həm də sonrakı iş prosesində daha aydın göstərir: “4 ay müddətində həm layihə heyəti, həm də layihə iştirakçıları ilə bir komanda şəklində çalışdıq. Bu, həm gənclərin həvəsləndirilməsi  üçün faydalı bir proses oldu, həm də bizdə komandada işləmək bacarıqları formalaşdırdı. Buna görə də mən hazırkı iş yerimdə komanda işində özümü çox sərbəst hiss edirəm”.

Həmsöhbətimiz təhsilini başa vurduqdan sonra bir ilə yaxın iş axtarışında olub. Müraciət etdiyi vakansiyalarla bağlı mənfi cavab alması isə onu ruhdan salıb. Kənan deyir ki, bir çox iş yerlərində artıq təcrübəli işçilər axtarırlar. Bu amil təhsilini yeni başa vurmuş və ya davam etdirən və heç bir iş təcrübəsi olmayan gənclərin iş tapmaq ümidlərini azaldır.

“Lakin “SYSLAB”da iştirak etməklə qazandığım uğurdan sonra fikirlərim tamamilə dəyişdi. İndi düşünürəm ki, iş axtarışlarının uğurla nəticələnməsi üçün səy göstərməlisən. Doğrudur, bir çox iş yerlərində məhz təcrübəli işçilərə ehtiyac olduğunu deyirlər. Amma heç bir iş təcrübəsi olmayan bir gəncin iş müsahibəsində davranışı, məntiqi, suallara necə cavab verməsi də işə götürən üçün çox vacibdir. Bizim “SYSLAB” vasitəsilə qazandığımız uğur da elə bundan ibarətdir ”, - deyir Kənan.

Müsahibimiz “SYSLAB”ı daha geniş miqyasda görmək arzusundadır. O deyir ki, layihənin xüsusilə Bakıdan kənara çıxması, hazırda Sumqayıtda fəaliyyət göstərməsi, gələcəkdə Gəncədə “SYSLAB” Mərkəzinin açılması planları çox sevindiricidir. Bununla paytaxtdan kənarda yaşayan və ya təhsil alan gənclər də belə unikal imkandan yararlanmaq şansı əldə edirlər.  

“Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsinin milli koordinatoru İlahə Rəsulova bir müddət əvvəl “SYSLAB” Mərkəzinə təlimlərə gələn iştirakçısını bugün rəhbərlik etdiyi komandanın tərkibində görmək çox gözəl bir hiss olduğunu vurğulayır: “Bu fakt bizi çox sevindirir. Kənan bu layihənin yetirməsidir. Bugün o, layihəyə bizdən daha fərqli gözlə baxa bilir. Onun özünü iştirakçıların da, layihə heyətinin də yerində hiss etmək imkanı var. Bu, layihə üçün çox uğurlu bir nəticədir. Digər bir tərəfdən, biz öz yetirməmizi öz aramızda görməkdən çox məmnunuq. Kənanın “SYSLAB”da öyrəndiklərini öz işində tətbiq etməsi bizim üçün əyani bir nümunədir. Deməli, layihəmizin digər iştirakçıları da burada əldə etdikləri bacarıqları indiki iş yerlərində nümayiş etdirə bilirlər. Bizim məqsədimiz də elə budur”.  

Layihə Norveçin SYSLAB şirkətinin/Norveç Xarici İşlər Nazirliyinin və BMTİP-nin maliyyə dəstəyi ilə həyata keçirilir.  SYSLAB – İnnovasiya və Məşğulluğun inkişafı üçün laboratoriya metodudur və Norveç “SYSLAB İnternational”a məxsusdur.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı