Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimlinin və onunla birgə həbs edilən Təvəkkül Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Prosesin əvvəlində Pərviz Həşimli məhkəməyə müraciət edib. “MTN-in istintaq təcridxanasında ağır şəraitdə saxlanma şəraitimlə bağlı sizə məlumat verərkən mənə aidiyyəti üzrə şikayət etməyimi tövsiyə emişdiniz. Sizin tövsiyənizə əsasən bununla bağlı Baş Prokurorluğa müraciət etdim. Müraciətimdə günahsız olduğum halda qanunsuz həbs olunmağım və saxlanma şəraitimin ağır olması barədə məlumat vermişdim. Qurumdan verilən cavabda isə saxlanma şəraitimlə bağlı heç bir cavab verilməyib, məsuliyyətə cəlb olunmağımla bağlı məsələ isə araşdırılması üçün məhkəməyə göndərilib”.Hakim cinayət işi materiallarında olan sənədlərin tədqiqinə davam edib. Silah və əl qumbaraları ilə bağlı verilmiş ekspertiza rəyində qeyd edilib ki, onlar döyüş üçün yararlıdır. Daha sonra vəkil Bəhruz Bayramov 27 sentyabr 2013-cü ildə saxlanan zaman P. Həşimli və T. Qurbanov arasında keçirilən üzləşmənin videoçəkilişinin nümayiş etdirilməsini xahiş edib. P.Həşimli və vəkili bildiriblər ki, T.Qurbanovun üzləşmə zamanı dedikləri ilə məhkəməyə verdiyi ifadə arasında ziddiyyətlər var. Sözügedən video noutbuk vasitəsilə nümayiş etdirildikdən sonra P.Həşimli bildirdi: “Gördüyünüz kimi, Təvəkkül Qurbanov üzləşmə zamanı mənim maşına oturmadan saxlandığımı deyir. Halbuki istintaq materiallarında və məhkəməyə ifadəsində qeyd edilir ki, guya mən onun maşınında həbs olunmuşam.
Bu məqama görə mənə əlavə ittiham irəli sürülüb. Belə ki, MTN əməkdaşları evimə silah qoymaqla mənə qarşı 228-ci (silah saxlama) maddə üzrə ittiham veriblər. Təvəkkülün maşınında silah olması səbəbi ilə mənə 228.2.2 - təkrar silah saxlama maddəsi ilə də ittiham irəli sürülüb”.
O həmçinin qeyd etdi ki, video çəkiliş dəyişdirilib və ya montaj olunub. “Videoda mənim ona guya Gəncədə 15.000 manat verdiyimi deyir. Halbuki ilkin üzləşmədə Təvəkkül Qurbanov bildirmişdi ki, guya mən ona Gəncədə 12.000, Bakıda isə 3.000 manat vermişəm. Məhkəməyə ifadəsində isə 15 000 manatı bir dəfədə aldığını deyib” - P.Həşimli qeyd etdi.
Videodan məlum oldu ki, T.Qurbanov etirafedici ifadə verir, P. Həşimli isə ittihamları rədd edərək, “bu adam şərəfsizdir, yalan danışır, böhtan atır, bunların hamısı burada hazırlanan əməliyyatdır” deyib. Videosunu izləyən zaman P. Həşimli Təvəkkülə dönərək, “ə, sən nə qurumsaq adamsan, bu qədər şərəfsizlik olmaz da, tfu sənin üzünə...” dedi. Hakim Pərvizə xəbərdarlıq etdi və fasilə elan olundu.
Fasilədən sonra hakim məhkəmə istintaqının yekunlaşması ilə bağlı tərəflərin fikrini soruşdu. Etiraz olmadığı üçün hakim çıxış etmək üçün sözü prokurora verdi. Dövlət ittihamçısı çıxışa hazırlaşmaq üçün 1 həftə vaxt istədi.
Mayın 12-si saat 15.00-a təyin olunan prosesdə dövlət ittihamçısı P.Həşimliyə cəza istəyəcək. P. Həşimli və T. Qurbanov 2013-cü il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyatla saxlanılıblar. Onlara qarşı odlu silahın və döyüş sursatının qaçaqmalçılığı və odlu silah saxlama maddələri ilə ittiham irəli sürülüb. Pərviz Həşimli ittihamları qəbul etmir, T.Qurbanovun MTN-in adamı olduğunu deyərək, onun vasitəsilə şərləndiyini və siyasi sifarişlə, saxta ittihamla həbs edildiyini bəyan edir. «Amnesty İnternational» təşkilatı Pərviz Həşimlini “vicdan məhbusu” kimi tanıyıb. (musavat.com)