“Cenevrə sessiyasında Minsk Qrupu həmsədrlərinin hesabatı dinləniləcək”

Milli Məclis sonuncu iclasında Milli Məclisin sədri Oqtay Əsədov Minsk qrupunun ATƏT-in Parlament Assambleyasında hesabat verməsi təklifi ilə çıxış edib. O bu məsələni qurumun Bakıda keçiriləcək sessiyasının gündəliyinə salınmasını təklifini irəli sürüb.
“Biz ATƏT PA-dakı nümayəndə heyətimizə tapşıraq ki, qurumun yayda Bakıda keçiriləcək sessiyasına, o da olmasa, mütləq növbəti sessiyalarından birində Minsk Qrupunun hesabatının salınması məsələsini Azərbaycan adından qaldırsın. Artıq Minsk Qrupu öz fəaliyyəti barədə ATƏT PA-da hesabat versin”, –deyə spiker bildirib.
ATƏT-in Parlament Assambleyasının üzvü deputat Azay Quliyev Modern.az-a açıqlamasında Oqtay Əsədovun təklifini dəstəkləyib.
“20 ildə ATƏT-in Minsk Qrupu heç bir iş görə bilməyib. Minsk Qrupunun ən böyük qeyri-prinsipial mövqeyi ondan ibarətdir ki, təcavüzə məruz qalanla, təcavüzkar arasında bərabərlik qoyur. Bu, absurd bir şeydir. Əgər işğalı vaxtında problemi durdura bilsəydik, o zaman Minsk Qrupunu neyləyirdik?! ATƏT bölgədə təhlükəsizlik və əməkdaşlıq üçün yaradılmış tək orqandır. Əgər təhlükəsizliyə cavabdeh olan bir qurum BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsini həyata keçirilməsini təmin edə bilmirsə, onda bu qurumun mövcudluğu nəyə lazımdır? İctimaiyyət, dövlətimiz, eləcə də vətəndaşlarımız tələb edir ki, ATƏT bütün bu suallara cavab versin. Odur ki, Oqtay Əsədovun bu təklifini dəstəkləyirəm və artıq bununla bağlı müəyyən işlər də başlanılıb”.
Bakı sessiyasında ATƏT-in Minsk Qrupu həmsədrlərinin hesabat verəcəyini real görmədiyini deyən A. Quliyev deyib ki, çox güman ki, bu ilin oktyabr ayında keçirilən Cenevrə sessiyasında məsələ gündəmə gətiriləcək və ATƏT-in Minsk Qrupu həmsədrlərinin hesabatı dinləniləcək. Hesabatın dəqiq vaxtı və formatı isə Bakı sessiyasında müzakirə olunacaq.
“Bizim nümayəndə heyəti hesabatla bağlı dəfələrlə məsələ qaldırıb. Məncə, bütün bunlar bu istiqamətdə getsə, müəyyən nəticələr olacaq. Tədbirin müxtəlif formatlarda keçirilməsi mümkündür. Əgər format özünü doğrultmursa, ona yenidən baxılmalıdır. Dəfələrlə demişik ki, niyə bu formatda bölgədə marağı olan Türkiyə və ya Almaniya kimi ölkələr iştirak etməsin? Düzdür, Türkiyəyə ermənilər birbaşa etiraz edəcəklər amma yenə də bizim də etiraz edəcəyimiz ölkələr var. Hesab edirəm ki, burada ağıllı bir format tapılmalıdır”.
Deputat Eldar İbrahimov isə bildirib ki, ATƏT-in Parlament Assambleyasının yay sessiyası iyunun 28-dən iyulun 3-nə qədər Azərbaycanda keçiriləcək.
“İki-üç il bundan öncə Azərbaycan parlament qrupu Parlament Assambleyasının sədrindən təkidlə xahiş etdi ki, Xorvatiyada ATƏT-in Minsk Qrupu həmsədrlərinin hesabatı dinlənilsin. Onlar Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar məlumat verdilər. Bu məlumatın nəticəsində orada çoxları Azərbaycanın haqq-ədalət işini dəstəklədilər. Bu özü bir məsuliyyətdir ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri bilsin ki, onlar haradasa hesabat verirlər. Yoxsa Azərbaycana turist kimi gəlib-gedirlər. Mən həmişə onların işindən narazı qalmışam. Onlar konkret olaraq deyirlər ki, iki ölkəni prezidentləri özlərində iradə tapıb məsələni həll etsin biz etiraz etmirik. Əgər biz münaqişəni həll edə bilirdiksə siz nəyə lazım idiniz?!”.
E. İbrahimov onu da qeyd edib ki, 30-cu Bakı sessiyasında ATƏT-in Minsk Qrupu həmsədrlərinin hesabat vermələri ilə bağlı məsələ qaldırılacaq.
Gültəkin ƏLƏSGƏR