Bu gün Nizami rayonu X. Quliyev adına 62 saylı məktəb-liseydə Heydər Əliyevin 91 illik yubileyinə həsr olunmuş “Tarixlərə yazılan şəxsiyyət var” adlı ədəbi-bədii tədbir keçirilib.
Modern.az xəbər verir ki, ilk növbədə məktəbin foyesində H. Əliyevin 91 illik yubileyinə həsr olunmuş tədbirlə əlaqədar tarix müəllimi Esmira Rzayevanın VI sinif şagirdləri ilə birgə hazırladığı “Tarixin şəxsiyyəti Heydər Əliyev” mövzusunda təqdimatı slaydlarla nümayiş olunub. Daha sonra qonaqlar zala daxil olaraq ibtidai sinif müəllimi Azadə Baxışovanın I sinif şagirdləri ilə birgə hazırladığı “Tarixlərə yazılan şəxsiyyət var” adlı ədəbi-bədii kompozisiyasına tamaşa ediblər.Tamaşa bitdikdən sonra 62 saylı məktəb-liseyin direktoru Mətanət Cabbarlı söz alaraq tədbir iştirakçılarını salamlayıb. O bildirib ki, uşaqların bu cür çıxışı onların hisslərinin təsdiqidir. Bu gün Heydər Əliyevi yaşadırıq. Onu yaşadan Azərbaycan xalqıdır. O, özü qəlblərə iz salıb”.
Tədbirdə yer alan qonaqlar içərisində KİVDF-nin rəhbəri Vüqar Səfərliyə söz verilib. O, qeyd edib ki, hər il olduğu kimi, bu ildə mayın ilk on günlüyü Heydər Əliyevin yubileyləri qeyd olunur. “62 saylı məktəb-liseydə bu təqdimatın olması təqdirə layiqdir. Əlbəttə, Heydər Əliyev haqqında danışmaq həm çətindir, həm də asandır. Ona görə çətindir ki, o qədər gördüyü işlər var ki, nə qədər danışsan, digər hissəsi yaddan çıxır. Ona görə asandır ki, hara baxırsan Heydər Əliyevin qurduğu işlərdir. Bu gün ki kompozisiya çox gözəl təşkil olunub. Bu gənc balalar böyüyəndə xatırladacaqlar ki, belə bir çıxış ediblər”.
Nizami rayon icra hakimiyyətinin başçısı Tahir Budaqov tədbir haqqında fikirlərini bölüşüb. “Öncə belə bir ədəbi-bədii kompozisiyaya görə məktəbin direktoru Mətanət Cabbarlıya təşəkkürümü bildirirəm. Tədbirə gələn zaman düşünürdüm ki, birinci sinif şagirdləri Heydər Əliyev barəsində nə deyə biləcəklər. Bun tamaşadan sonra gördüm ki, onlar hətta böyüklərimizdən də, öz hisslərini daha gözəl bildirdilər. Səhnəyə baxanda böyük bir sevinc hissi keçirtdim. Mən hesab edirəm ki, bizim bu uşaqlarımız gələcəyin alimləri, akademikləri və Nobel mükafatçıları olacaqlar”.





Rafiq Qənbərov