
Bu gün Danimarkanın paytaxtı Kopenhagendə “Eurovision - 2014” beynəlxalq mahnı yarışmasının ilk yarımfinalı keçiriləcək. Müşahidə göstərir ki, sözügedən musiqi müsabiqəsinə ictimai maraq əvvəlki illərə nisbətən azalıb. Sanki Azərbaycan da öz iştirakçısının qalib olmasında maraqlı deyil. Xatırlayırsınızsa, ötən il Rusiyaya Azərbaycandan verilən səslərlə bağlı qalmaqaldan sonra səfir Polad Bülbüloğlu da “Eurovision”-u “səviyyəsiz müsabiqə” adlandırmışdı.
Modern.az builki Musiqi Müsabiqəsi ilə bağlı tanınmış musiqiçilər arasında sorğu keçirib:
Müğənni Mübariz Tağıyev “Eurovision - 2014”ün mahnılarını bəyənmir: “Eurovision-a seçilən mahnıların heç biri xoşuma gəlmir. Bir sıra ölkələrə aid bəstələr 80-ci illərin abı-havasını xatırladır. Avropada, deyəsən, dəb yenilənib. Dilarə Kazımovanın mahnısına gəlincə, pis deyil. Hardasa 1 və 5 arasında yer qazana bilər.
Ümumiyyətlə Eurovision-a marağın azalması təəccüblü deyil. Həmişə belə olub. Belə müsabiqələrin hamısına əvvəllərdə bir qədər maraq çox olur. Sonra artıq adiləşir. Ancaq gənclər Eurovision-u maraqla izləyirlər. Elə Azərbaycanda da.
Doğrudur, Polad Bülbüloğlunun keçən il işlətdiyi kəskin ifadə Azərbaycanın Rusiyaya səs vermə məsələsi ilə bağlı idi. “Eurovision” hardasa təxminən 20-yə yaxın müğənnini səhnəyə gətirib. Bu, kiçik rəqəm deyil”.
Bəstəkar Faiq Sücəddinov Dilarə Kazımovanın onluğa düşəcəyinə inanır: “Bütün iştirakçılara qulaq asmışam. Mahnı seçimində bir az zəiflik var. Çox dəyərli bir mahnı yoxdur. Amma mənə elə gəlir ki, Avstriyanın təmsilçisi üçlüyə düşəcək. Latviyanın təmsilçisi xoşuma gəldi. İnanıram ki, bizim Dilarə Kazımova da “onluğ”a düşəcək.
“Eurovision”a marağın azalması insana xas olan bir şeydir. Hər şey təzə-təzə olanda hörmət edirlər ki, təzədir. Bir müddət sonra ona heç kim fikir vermir. Gələn il Bakıda Avropa Olimpiya Oyunları keçiriləcək. Bəlkə də buna görə maraq bir balaca azalıb. Çünki irəlidə bizi daha da böyük maraqlı oyun gözləyir.
Bütün dünya bu müsabiqəyə qoşulub. Mənə elə gəlir ki, bu çox lazımlı, maraqlı müsabiqədir. Bu xalqları, insanları birləşdirir”.
“SOY production”un vitse-prezidenti Oqtay Əliyev düşünür ki, Eurovision müsabiqəsinin reklamı ilə az məşğul olunur: “Builki “Eurovison” müsabiqəsinin iştirakçılarını əvvəlki illərlə müqayisədə orta qiymətləndirirəm. Düşünürəm ki, iştirakçımız Dilarə Kazımova uğurlu yerlərdən birini tutacaq. Yəqin ki, ilk “onluq”da olacaq. “Eurovison”a maraq azalmayıb. Sadəcə iştirakçılar saytlarda qonaq olmalı, müxtəlif televiziya verilişlərində iştirak etməli idilər. Bu kompaniyanı yerinə yetirənlər yəqin ki, artıq yorulublar.
Polad Bülbüloğlu o ifadəni əsəbdən deyib. İstənilən halda bütün dünya, Avropanın baxdığı belə bir müsabiqə ki, gənclər üçün nəzərdə tutulub, orada səviyyəsiz heç nə yoxdur”.
Misranə Həsənzadə